• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1275
— 18.10.2023 19:31

Açıq şəkildə satılan məhsullar təhlükə yaradır

KepezTV Player

Yol kənarlarında, küçələrdə, bazarlarda və marketlərdə üstü açıq halda qidaların satışına tez-tez rast gəlirik. Daha çox üz tutulan bazarlarda əsasən süd və ət məhsullarını buna bariz misal olaraq göstərə bilərik. Məlahət Ələsgərova- satıcı: “Təmiz saxlayıram. Təmiz olduğu üçün müştərilər bizim maldan alır. Təmizliyə riayət edirəm, cuna salıram, məhsulu xarab etmirəm”.

Mənsurə Ələkbərova- satıcı: “Özüm süd məhsulları satıram. Təmiz məhsullardır. Mən cunalı, səliqəli saxlayıram”.

Validə Hüseynəliyeva- satıcı: “Mən öz süd məhsullarımı satıram - süd, pendir, qatıq, süzmə. Bunların hamısını üstüörtülü saxlayıram ki, gələn müştərilər məndən narazı getməsin”.

Satıcılar nə qədər də ehtiyatı əldən vermədiklərini desələr də 100 faizli təminatdan danışmaq olmur. Elə alıcılar da belə məhsulları alanda ehtiyatı əldən vermilər. Düzdür, ciddi problemlə üzləşməsələr də, tanıdıqları satıcıdan alver etməyi üstün tuturlar.

Vüqar Nəbiyev- alıcı: “Hər şey təmiz, səliqəlidir. Özüm restoran işlədirəm, müştərilərin də ürəyincədir. Alıcı gələndə daha çox üstünü açırlar məhsulların, yəni çox vaxt açıq olmur”.

Natiq Əsgərov- alıcı: “İndi gəlirəm pendir almağa, bəzilərininkinin üstü açıqdır, bəzilərininki bağlıdır. Mən də gəlmişəm ki, üstü bağlı yerdən təmiz pendir alım”.

Elşad Bədəlov- alıcı: “Mən bazara pendir almağa gəlmişəm. Pendirlərin üstü bağlı olmalıdır. Açıq olmalı deyil. Turşulardır, pendirlərdir, üstü bağlı olmalıdır. Açıq olanlardan almıram”.

Xanlar Musayev- alıcı: “Mən özüm bazara gəlib evimə turşu kələm alanda həmişə hansı səliqəlidir, üstü örtülüdür onlardan seçim edib alıram”.

Tamizər Əliyeva- alıcı: “Əlbəttə, elə mallar üstü açıq olmamalıdır. Qapalı olmalıdır. Satıcıya deyirik belədir, deyir örtmüşük, deyir ki, indi açmışıq. Yəni ən çox da xarab olan süd məhsullarıdır, ondan ehtiyatlı olmaq lazımdır”.

Təbiidir ki, belə məhsulların satışının daim yoxlanılması və normalara uyğun olanının satışına icazə verilməsi mütləqdir. Burada əsas faktor insan sağlamlığı olduğundan AQTA tərəfindən daim yoxlamalar aparılır. Məhsuldan nümunənin götürülməsinin satışının həyata keçirildiyi yerin sanitar normalara uyğun olub-olmamasına qədər. 

İlkin Kərimov- AQTA-nın mətbuat katibi: “Bu tədbirlər çərçivəsində planlı və vətəndaşlardan daxil olan şikayətlər əsasında plandan kənar yoxlamalar həyata keçirilir. Onu da qeyd edim ki, bəzən qanunsuz olaraq saxlama şərtlərinə və normativ tələblərə cavab verməyən şəraitdə qida məhsullarının satışı həyata keçirilir ki, bu da qida təhlükəsizliyi baxımından yolverilməzdir. Vətəndaşlardan xahiş edirik ki, sözügedən qida məhsullarını alarkən həmin məhsulların mənşə sənədini tələb etsinlər. Etiket məlumatlarını yoxlasınlar, saxlama şəraitlərinə diqqət yetirsinlər. Həmçinin müəssisə rəhbərləri, satıcıdan qida təhlükəsizliyi qeydiyyatından keçib-keçməməsinə dair məlumatları da tələb edə bilərlər və bu sahədə hər hansı uyğunsuzluq aşkarlanarsa, xahiş edirik agentliyimizin 1003 çağırı mərkəzinə məlumat verilsin”.

Ekspert bildirir ki, hər hansı bir qidadan zəhərlənməmək o demək deyil ki, həmin qida təhlükəli deyil. Zəhərlənmə istənilən an baş verə bilər. Baş verən zəhərlənmə halları kütləvi şəkildə olduqda isə bu, əhalinin diqqətini çəkir. Yəni hər halda açıq şəkildə satılan bu kimi qida məhsullarından istifadə edərkən diqqətli olmalıyıq ki, fəsadları ilə rastlaşmayaq.

Pərvin Abbaszadə