• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1456
— 13.10.2023 19:47

Yol polisi şagirdləri məlumatlandırır

KepezTV Player

Yeni təhsil mövsümü başladıqdan sonra Dövlət Yol Polisi məktəblərdə maarifləndirici tədbirlər həyata keçirməyə başlayıb. Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları da yol hərəkəti qaydaları ilə bağlı şagirdləri məlumatlandırır. Ələlxüsus da piyadaların bilməsi vacib olan məqamlar barədə məlumatlar verilir. 

10 və 28 nömrəli məktəblərdə keçirilən tədbirlərdə şagirdlərə yol hərəkətinə dair təhlükəsizlik qaydaları, yol nişanları, işıqforla tənzimlənən yollarda hərəkət haqda məlumat verilib. Yol polisinin əməkdaşları piyada keçidlərindən istifadənin önəminə toxunub, səkilərdən istifadənin təhlükəsizlik baxımından əhəmiyyətini qabardıblar, yol hərəkəti qaydalarına riayət etməyin özünüqoruma baxımından vacib olduğuna diqqət çəkiblər. Şagirdlər də asayiş keşikçiləri tərəfindən verilən məlumatları necə qavradıqlarını məxsusi formada ifadə ediblər. 

Maarifləndirici tədbir sual-cavab formasında təşkil edildiyindən məktəblilər onları maraqlandıran sualları polislərə ünvanlayıblar. Eləcə də bildiklərini daha da möhkəmləndiriblər.

Maarifləndirici görüş praktik formada da təşkil edilib. Şagirdlərə məktəblərin qarşısındakı piyada keçidlərindən, işıqfordan düzgün istifadə qaydaları, yolu keçərkən diqqət edilməli olan məqamlar öyrədilib.

Bu cür tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir. Tədbir növbəli şəkildə digər məktəblərdə də davam edəcək.

Orxan Cəfərzadə