Gəncə klubu 29-cu basketbol mövsümünə hazırlaşır. Yeni baş məşqçi və yeni oyunçulardan formalaşdırılan komanda önən il olduğu kimi yenə mükafatçılar sırasında olmağı hədəfləyib.
Son çempionatda uğurlu çıxış edən kollektiv ilk dəfə təşkil edilən ölkə kubokuna sahib çıxsa da, çempionluq uğrunda axırıncı görüşdə çox cüzi fərqlə məğlub olaraq ölkə ikincisi olub. Yeni mövsüm öncəsi sarı-göylərin heyəti tamamilə yenilənib. Baş məşqçi postuna türkiyəli Bedri Meriç gətirilib və ayrı-ayrı mövqelərə həm yerli, həm də əcnəbi basketbolçular transfer edilib. Bu ilki heyət əsasən gənclərdən ibarətdir. 10 gündən çoxdur ki, hazırlığa başlayan komadada demək olar ki, transfer çalışmaları yekunlaşıb.
“Gəncə” yeni mövsüm üçün heyətinə 12 oyunçu cəlb edib. Onlardan 6-sı yerli, 6-sı əcnəbi basketbolçudur. Xarici oyunçulardan 1-i Kanadadan, 5-i isə ABŞ-dır.
Taevon Horto- “Gəncə”nin basketbolçusu: “İlk dəfədir ki, Amerikadan kənarda bir komandanı təmsil edəcəm. Gənc komandayıq və işimiz çoxdur. Buna görə hər gün gərgin məşqlər keçirik. Günbəgün bir-birimizə öyrəşirik. Gəncəni bəyəndim insanları çox mehribandırlar. Azarkeşlər basketbola çox maraq göstərirlər. Hətta məşqlərimizə gəlib baxırlar, bizimlə şəkil çəkdirirlər. Ümid edirəm ki, çempionatda “Gəncə”ni layiq olduğu yerə daşıyacağıq”.
Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümü 22 oktyabrda start götürəcək. Bu mövsüm ötən ilkindən fərqli olaraq komanda sayı artırılıb və çempionatda 10 kollektiv iştirak edəcək.
Orxan Cəfərzadə
- Baxış: 389