Yeni tədris ilinin başlamasına az müddət qalıb. Artıq valideynlər məktəbə yollanacaq övladlarına lazım olan məktəb ləvazimatları üçün dükanlara üz tutmağa başlayıblar. Bəs görəsən mağazalarda məhsulların çeşidləri və qiymətləri alıcıların ürəyincədirmi? Sualın cavabını qarşıdakı süjetdə tapmağa çalışdıq.
Təbii ki, valideynlər öz övladları üçün lazımi, keyfiyyətli məktəb ləvazimatlarını seçərək, münasib qiymətlərə almağa çalışırlar. Dükanlarda məhsullar müxtəlif çeşiddədir, elə qiymətlər də fərqlidir.
Elnur Alışov- satıcı: “Tələbat, hər il olduğu kimi bu il də var. Məktəb mövsümündə kimin uşağına nə lazımdırsa, onsuz da alınmalıdır. Sadəcə olaraq, bu il qiymətlər bir az qalxıb. Yəni bizim camaat da əsas uşağına önəm verir, təhsilinə önəm verir. O da boğazından kəsib almağa məcburdur. Misal üçün, bu çanta qabaq 12 manata gəlirdi, indi gəlir 15 manata, mən də 20 manata satıram, çünki işçilər var, icarə haqqı var, o çıxmalıdır”.
Sənan Həsənov- satıcı: “Builki bazar, yəni mövsüm başlayıb, amma elə bir irəliləyiş yoxdur. Hələ ki, məktəb mallarına - dəftər, qələm, belə şeylərdir. Bahaçılıq var, bu il keçən ilə baxanda nisbətən bahaçılıqdır. Mallar bir az baha gəlir, biz də ona görə baha satırıq”.
Göründüyü kimi, məktəb ləvazimatlarının qiymətləri bahalaşıb. Qiymət artımının əsas səbəbi xaricdən gətirilən məhsulların dəyərinin artması olaraq göstərilir. Satıcılar bunun istər-istəməz alıcılıq qabiliyyətini aşağı saldığını deyirlər. Alıcılar da təbii ki, ucuzlaşmanın tərəfdarıdırlar.
Məzahir Zeynalov- sakin: “Mən də nəvələrimə məktəbli paltarı almağa gəlmişəm, qabaq xaricdən gəldiyinə görə, özümüzdə daxili istehsal olmadığına görə, bir az mallarda fərq var - bahaçılıq qeyd olunur. Ordan gələn mal bir az ucuz olsa yəqin ki, satanlar da insafını unutmaz, aşağı qiymətə satar”.
Rahibə Cəfərova- sakin: “Keçən ilə baxanda bu il bir az bahalıqdır. Keçən il qiymətlər bir az bundan ucuz idi”.
Ceyhun İsmayılov- sakin: “Məsələn, bəzi formalar normal qiymətdədir - 15 manat, 13 manat, 12 manat normal qiymətlərdir. Alıcı kimi normaldır, pis deyil”.
Alıcıların sözlərinə görə, bir məktəbli çantasını doldurmaq üçün təxminən 60-70 manat pul xərcləmək lazım gəlir. Heç şübhəsiz, bu məbləğin azalması onların faydasına olar. Satıcılarsa onsuz da qalxan qiymətləri mümkün qədər sabit tutaraq alıcı sayını və alıcılıq qabiliyyətini artırmağa çalışacaqlarını deyirlər.
Vüsalə Cənnətova
- Baxış: 383