Havaların quraqlıq keçməsi ən əsası kənd təsərrüfatında əkin sahələrinin suvarılmasında problemlər yaşatdı. Belə ki, yağışların yağmaması səbəbindən çaylarda su olmadı. Həmçinin, subartezian quyuları və nasos stansiyalarında da suyun səviyyəsi azaldı. Şübhəsiz ki, yaşanan bu problem aqrar rayon olan Göygöldə də əkinçilikdə çətinliklər yaratdı. Bəs bunun aradan qaldırılması və həlli üçün nə kimi işlər görülür? Bunu qarşıdakı süjetdən öyrənəcəyik.
Bu il Göygöl rayonundan olan torpaq mülkiyyətçilərinin çoxu demək olar ki, əkin ilini ziyanla başa vururlar. Əkdiklərindən məhsul götürə bilmirlər. Çünki, onlar məhsulu vaxtında suvara bilmədilər. Yəni, məhsulun suvarılma dövründə su sarıdan qıtlıq yarandı. Şübhəsiz ki, bu da məhsuldarlığa mənfi təsir etdi.
Araz Məmmədov- torpaq mülkiyyətçisi: “Bu il havanın quraq keçməsi bizə hərtərəfli ziyan vurdu. Əkinimiz, bostanımız yanır. Taxıl, ağac ümumiyyətlə hər şey su ilə əmələ gəlir. O da su olmadığına görə, bizi çox ziyana salır”.
Namiq Əliyev- torpaq mülkiyyətçisi: “Yonca sahələrimiz yandı. Çətinlik çəkdik, ötən ilə nisbətən az oldu. Ötən il biçirdik 3-4 dəfə, bu il hələ ikinci biçini edirik. Üçüncü biçinə də çatanda havalar soyuyur. Belə çətinliklər çəkirik. Suyun olmaması taxıla, yonca sahəsinə çətinliklər yaratdı. Taxılın məhsuldarlığını az elədi. Suvarma vaxtlı-vaxtında çatmadı”.
Ötən ilə baxanda bu il Göygölün demək olar ki, bütün arx və kanallarında suyun səviyyəsi aşağı düşüb. Şübhəsiz, suyun azalması suvarmada özünü göstərir.
Bu kanal Göygöl Suvarma Sistemləri İdarəsinin balansında olan Ərəbli kanalıdır. Bu kanal vasitəsilə təxminən 300 hektara yaxın əkinəyararlı torpaq sahəsi suvarılır. Bu il havanın quraqlıq keçməsi kanalda suyun səviyyəsini də aşağı salıb. Suyun səviyyəsinin aşağı düşməsi şübhəsiz ki, əkinəyararlı sahələrin suvarılmasında problemlər yaradır. Torpaq mülkiyyətçilərinin yaşadıqları bu çətinlik rayonun melioratorlarının da işini çətin vəziyyətə salıb. Yaşanan çətinliyin aradan qaldırılması üçün addımlar atılır.
Rəşid Vəliyev- Göygöl Suvarma Sistemləri İdarəsinin Mühəndis-Hidrotexniki: “Quraqlıq keçdiyinə görə suyun səviyyəsi düşdü. Subartezian quyularında da suyun səviyyəsi çəkildi. Ona görə də çalışırdıq ki, nasos stansiyalarda suyu yığaq. Biz bunu yığırdıq. Orada işlər gedir, texnikalar işləyir. Suyun məcarası dəyişir ki, su bir yerə yığılsın. 30 faiz məhsuldarlıq aşağı düşdü. Taxıla 3-4 dəfə su verməli idiksə, bir dəfə aşağı oldu. Çalışırıq ki, qrafiklə suyu verək ki, problem yaşanmasın”.
Məhəbbət Orucov- torpaq mülkiyyətçisi: “Qrafikdə də suyu saatla verirlər. Qrafikdə də bilirik ki, mənim növbəmdə saatımız bu qədərdir ki, suyumuz itkiyə getməsin, başqasına da növbə çatsın. Bir hk 24 saatdır və hamısı yazılıbdır. Qrafiklə də hamı sulayır və suyu itkiyə getməyə qoymuruq”.
Göygöldə 15 minə yaxın əkinəyararlı torpaq sahəsi var ki, bunun da təxminən 7 minə yaxını suvarılır. Əkin sahələrinin su ilə təmini üçün 269 subartezian quyusundan, 10 su nasos stansiyasından və Gəncə, Kürək eləcə də Qoşqar çaylarından istifadə edilir.
Elnur Vahidoğlu
- Baxış: 892