İran yenə Azərbaycanla gərginliyi artırmaqla məşğuldur. Tehran ordusunun qırıcıları dünən Azərbaycan-İran sərhədinnin üzərində təxminən 30 dəqiqədən çox uçuş həyata keçirib. Əlbəttə Rəsmi Bakıdan bu təxribatçı addıma cavab gecikmədi. Azərbaycan Xarici İşlər Nazirliyi İrana son 1 həftədə ikinci notanı ünvanladı. Maraqlı məqam budur ki, əvvəllər İrandan diplomatik səviyyədə atılan məkirli addımlar bu dəfə hərbi müstəviyə daşınıb. Analitiklər İranla Azərbaycan arasında bütün iplərin qopmağa doğru getdiyini deyir.
Qonşu, dost və ya təxribatçı. İranın 44 günlük müharibədən sonra Azərbaycana qarşı atdığı addımlar cənub qonşumuzun Bakıya qarşı təxribat yolunu seçdiyini göstərir. Tehrandakı səfirliyimizə edilən terror aktına lazımi hüquqi qiymətin verilməməsi bəs deyilmiş kimi, indi də qırıcılarla qaşınmayan yerdən qan çıxarmağa çalışırlar.
Martın 11-i İrana məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Müdafiə Nazirliyi və Xarici işlər Nazirliyinin birgə bəyanatında təyyarənin iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçduğu deyilir. Beynəlxalq müstəvidə qəbul edilən praktikaya görə əvvəlcədən sərhəddinin üzərində və ya yaxınlığında uçuş aparılan ölkəyə bu barədə məlumat verilməlidir. Hərbi ekspertlər İranın bütün hərbi normaları pozduğunu və açıq-aşkar təxribat hədəflədiyini deyir.
Elxan Şıxəliyev- hərbi ekspert: “Bunları həyata keçirməklə təsir mexanizmi kimi düşünür- ilk addımı Azərbaycan atmış olsun və bunu səbəb göstərsin. Məsələn; hərbi təyyarənin vurulması mümkün ola bilər ki, hərbi təyyarə vurulsa arxasında bunu da nəzərə alıblar ki, belə bir hadisə olsa hansı proseslər baş verər. Təlimlər keçirəndə və yaxud səfirlikdəki terror aktı olanda da bu cür hallarda Azərbaycandan qarşılıq cavabı gözləyirlər ki, bunlar davamı gətirsinlər”.
Hadisədən dərhal sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub. Maraqlısı budur ki, son 3 gündə ikinci dəfədir İranın Azərbaycandakı səfirliyinə rəsmi şəkildə nota verilir. İlki Azərbaycan vətəndaşının İranda itkin düşməsi ilə bağlı idi. Məsələnin qəribə tərəfi budur ki, müxtəlif illərdə iki ölkə arasında gərginlik eyni hadisələrlə müşayiət olunub. Məsələn; 2001-ci ilin yayında İran qırıcıları Xəzərin Azərbaycan sektoruna vaxtaşırı daxil olublar. Eyni ilin avqustunda İran qırıcıları artıq quru sərhədini pozmağa başlayıblar. Təqvim 2011-ci ili göstərdiyi vaxtda isə İrana səfər edən Güney ədəbiyyatı və Şəhriyar üzrə araşdırmaçı Xalidə Xalid casusluq ittihamı ilə həbs olunub. Bir il sonra 2012-ci ildə şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə də eyni ittihamla dəmir barmaqlıqlar arxasına salınıb. 2010-2012-ci illərdə iki ölkə arasında qarşılıqlı notaların sayı 10-a çatmaq üzrə idi. Analitiklər deyir ki, İranın yenidən atdığı bu cür addımlar Tehran-Bakı diplomatik münasibətlərinin son fazasıdır.
Elçin Mirzəbəyli- siyasi şərhçi: “Şübhəsiz ki, proseslərin belə davam edəcəyi təqdirdə İranla Azərbaycan arasındakı diplomatik münasibətlərə tamamilə son qoyula bilər. Bu, prosesin ilk hədəfi, ilk zərbəsidir. Lakin İran daha uzağa getmək niyyəti güdəcəksə, bu, onun üçün daha ağır fəsadlara yol aça bilər. Əslində təkcə molla rejimi deyil, ultramillətçi fars təfəkkürünün ifadəçisi olan mövcud sistem tamamilə çökə və parçalana bilər”.
Görünən odur ki, İran siyasətinin ana xətti sərhəd pozuculuğu və digər ölkə vətəndaşlarının casus kimi həbs edilməsidir. Ancaq Tehranda anlamalıdılar ki, 30 ildən sonra ədaləti bərpa edən Azərbaycan bir gün cənubu da şimala qovuşdura bilər.
Azad Mustafayev
- Baxış: 377