• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1585
— 30.07.2024 19:33

Şəhərin iki hissəsini birləşdirən adlı körpülər

KepezTV Player

Gəncə çayının üzərində salınan, çayın sağ və sol sahillərini birləşdirən körpülər. Gün ərzində minlərlə insan bu körpülər üzərində hərəkət etsə də, əksəriyyəti onların adlandırıldığını və ya necə adlandırıldığını bilmir. Bunun obyektiv və subyektiv amillərlə bağlılığı da qeyd edilməlidir.

Gəncədə şəhərin bir hisəsini digəri ilə birləşdirən 5 əsas körpü var. El dilində “3 N-li xəstəxananın yanındakı”, “Dram teatrın qarşısındakı”, “Bayraq meydanının ətrafındakı”, “şəhər DYP şöbəsi və prokurorluğunun yanındakı körpü”lər. Amma gündə millərlə insanın piyada və ya avtomobillər üzərindən hərəkət etdiyi bu körpülərin adlı olduğunu bilən olduqca az adam var. Bu qurğular qeyd etdiyimiz kimi əsasən yanında yerləşən binalar, ticarət mərkəzləri və ya parkların adları ilə tanınır.

Zaur Vəliyev- şəhər sakini: “”Qatır Məmməd körpüsü” deyirlər buraya. Elə o vaxtdan “Qatır Məmmədin körpüsü” gedir bu körpü. Burdan aşağıda da “ATS-in yanındakı körpü” deyirlər, çünki ATS idarəsi ordadır”.

Şəhər sakini: “Bura ya “Qatır Məmmədin körpüsü” deyirik, ya “bazarın yanındakı körpü” deyirik. Heç bir körpünün adı bilinmir. Məsələn, biz deyirik “Vtaroyçast” körpüsü. Bilinir, amma adı yoxdur”.

Fidayıl İsmayılov- şəhər sakini: “Körpünün adı olsa yaxşı olar. Çünki hamı misal üçün, dostuna zəng edir ki, hardasan? Deyir ki, bulvarın başında, körpünün yanında. Ancaq belədə körpünün adı yoxdur. Körpünün adı bilinsə yaxşı olar. Yəni bilinər ki, bu körpünün adı var”.

Gəncə sakinlərinin rəyini nəzərə alaraq şəhəri iki yerə bölən Gəncəçayın üzərindəki körpülərə əlamətdar adlar verilib. Şəhərin Mirzə Abbas Abbaszadə küçəsindən keçən ən böyük və ən yaraşıqlı körpü Şuşanın adını daşıyır. Nizami Gəncəvi prospektində yerləşən və intensiv hərəkətə malik körpüyə isə dahi mütəfəkkirimizin adı verilib. Birinci Qarabağ müharibəsi şəhidi Fətulla Həsənovun adını daşıyan küçədə yerləşən körpü isə Gəncənin şəhid hökmdarı Cavad xanın adınadır.

Vüsalə Nəbiyeva- şəhər sakini: “El arasında bir çoxu bura “Qatır Məmməd körpüsü” deyir. Amma bildiyim qədər Cavad Xan körpüsüdür. Yəqin ki, körpünün başlanğıcında yazılar ki, Cavad Xan körpüsü”.

Şəhər sakini: “”Qatır Məmmədin körpüsü”, “çayın qırağı”, belə deyilir. Bu körpünün adını bilirəm, Nizami Gəncəvi körpüsüdür. Orda yazılmışdı, keçəndə oxudum. Ona görə deyirəm ki, adlar böyük plakatda olsalar hamı görər”.

Nəbi Abbasov- şəhər sakini: “Belə bilirik biz “mərkəzdəki körpü”, “Yevlax avtovağzalına gedən körpü”, “voenkomatın küçəsindəki körpü”. Bir neçə gündür bilirəm ki, buranın adı Şuşa körpüsüdür. O da orda kiçik yazıblar”.

Yunis Musayev- şəhər sakini: “Bu körpünün adını bilmirəm, amma Gəncəçayın üzərində qurulmuş körpüdür. Gəncəçayın üzərində bir neçə körpü var, o cümlədən biri də budur. Amma adını deyə bilmərəm. Deyəndə, “universitetin yanındayam”, “Fizika fakültəsinin yanındayam” bax bu cür təsvir edirəm və ya köhnə “Zabitlər evinin yanındakı körpü”dəyəm belə deyirdim. Heç olmasa yazmalıdırlar bir tərəfə. Bir tərəfə yazıb vurmalıdırlar ki, camaat bilsin. Mən nə bilim sən dəftərxanada körpünün adını yazmısan, burda da körpünün adı yoxdur. Xalqın bunu bilməsi üçün mütləq bir dənə lövhə olmalıdır”.

Ramiz İsmayılov- şəhər sakini: “Yox, adını dəqiq deyə bilmərəm. Bu “voenkomatın küçəsində olan körpü”dür, yuxarıda “3 nömrəli körpü”dür. Adlarını dəqiq deyə bilmərəm. Bütün bu işıq dirəklərində necə ki, küçələrin adını yazıb qoyurlar, eləcə də körpülərin adını yazsalar lap yaxşıdır. Gələcəkdə də yeni nəsil də, köhnə nəsil də bunu bilərlər”.

Gəncə ərazisidə eyni adlı çay üzərində ümumən yeddi körpü mövcuddur. Yəqin adiyyatı qurumlar tərəfindən körpülərin necə adlandırıldığı barədə daha müfəssəl işlər görülər və necə adlandırılması barədə əhali daha məlumatlı olar. Körpülərin adlarının, mənsub olduğu tarixin və mədəniyyətin anlamının əhali tərəfindən bilinməsi az əhəmiyyət daşımır. Bu Gəncənin mədəniyyətini və tarixini qorumaq və yaşatmaq üçün mühümdür. 

Salman İmanlı- tarixçi: “Gəncə şəhərində aşağıdan yuxarıya 5 ədəd körpü var. Çox təəssüf ki, bu körpülərin adını el arasında hərə bir cür çağırır. Misal üçün, şəhərin mərkəzində bir körpü var, ora hamı “Qatır Məmməd körpüsü” deyir. Əslində insanlar körpülərinin tarixini, adını bilməlidir. Şəhərin girəcəyində Şeyx Nizaminin “Xəmsə”si əks olunub. Gələn bilir ki, bura Gəncə şəhəridir. Gəncə şəhəri də Nizaminin, Cavad Xanın adı ilə bağlıdır. Onun bir barelyefini qoymaq olar, şəklini qoymaq olar və ya hansısa bir işarə vermək olar. İnsanlarımıza hökmən lazımdır. Həm körpülərin dəyəri bilinər, həm də dövlət tərəfindən onların abadlaşması daha düzgün olar, dövlət qayğı göstərər, insanlar da hörmətlə yanaşar, özünün tarixi şəxsiyyətlərini də tanıyarlar”.

Onu da xatırladaq ki, ölkə Prezidentinin müvafiq sərəncamı ilə Gəncənin Şah İsmayıl Xətai, Nizami Gəncəvi prospektlərinin, Museyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən 5 körpü əsaslı şəkildə bərpa edilib.

Pərvin Abbaszadə