• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1850
— 25.07.2024 18:24

Gəncəçaydan suvarma üçün niyə istifadə edilmir?

KepezTV Player

Gəncəətrafı ərazilərin, əkin sahələrinin əhəmiyyəti göyərti və tərəvəz məhsullarının istehsalı baxımından danılmazdır. Bu əkin sahələrinin suvarılması isə adətən təbii mənbələr hesabına formalaşır. Daha dəqiq desək, Gəncəçayın suyundan istifadə edilməklə. Lakin mütəxəssislər ya suyun yetərli olmadığı, ya da istifadəsiz şəkildə axdığı qənaətindədir. 

Gəncə şəhərinin ətraf ərazilərindəki əkin sahələri və onların su təchizatı məsələsi ölkənin kənd təsərrüfatına ciddi təsir edən amillərdəndir. Şəhərin ətrafında yerləşən əkin sahələri, əsasən günəbaxan və pambıq bitkiləri üçün nəzərdə tutulub. Fermerlər sözügedən ərazilərin suvarılması üçün adətən şəhərin mərkəzindən keçən Xan arxının suyundan və artezian sularından istifadə edir.

Rövşən İbrahimov- fermer: “Biz günəbaxanla məşğuluq. Hal hazırda 8 -10 hektara yaxın yerimiz var. Suvarmamız da Gəncə Xan arxından gəlir. Vaxtı-vaxtında suyumuz gəlir, heç bir kəsintimiz, problemimiz yoxdur. Əlavə də lazım olduqda sahəni artezianlarla sulayırıq”.

Məntiq Məmmədov- fermer: “Gəncə ətrafında əsasən pambıqçılıqdır, günəbaxandır. Xan arxının gələn suyu ilə suvarırıq. Artezianla suvarırıq, sel suvarmasından istifadə edirik. Sudan heç bir çətinliyimiz yoxdur. Hal-hazırda günəbaxanın 3-cü suyu vurulur. Bu il məhsulumuz boldur. Gəncəətrafı yaşayış yerləri suları istifadə edə bilir”.

Xan arxı, şaxələrə ayrılan böyük miqdarda su təchizatına malik bir kanalıdır. Bu su mənbəyindən fermerlər əkin sahələrini su ilə təchiz etməklə yanaşı, əhali də şəxsi istifadə üçün aktiv şəkildə yararlanır. Xan arxının suyu, gözlənilən məhsul bolluğunu təmin etmək üçün etibarlı bir mənbə kimi qiymətləndirilir.

Rəşid Vəliyev- Göygöl Suvarma Sistemləri İdarəsinin mühəndisi: “Göygöldən bir neçə kəndin təminatı Xan arxındandır. Əsas da suyu biz veririk Gəncə və Samux rayonuna- 800 hektar ərazi əkinləri suvarılır. Taxıldır, günəbaxandır hal-hazırda onlarda suvarma gedir. Gəncə şəhərində suvarma suyundan problem yoxdur. Çünki bu arx Bağbanlar hissəsindən keçir Poçt qəsəbəsinə ordan da Samux rayonuna. İstəyən xüsusi məhlələr də o arxdan sərbəst istifadə edirlər”.

Xan arxı ilə yanaşı şəhəri ikiyə bölən Gəncəçay da bu baxımdan su mənbəyi rolunda çıxış edir. Əsasən da havaların yağıntılı keçdiyi dövrlər çayda sululuq artır ki, bu da suvarmada mühüm sayılır. Lakin bu su mənbəyindən fermerlərin istifadə imkanının minimum olması diqqət çəkir.

Hüseyn İdrisov- kənd təsərrüfatı mütəxəssisi: “Fikir versək ki, Gəncədən axıb gələn, Gəncənin mərkəzindən keçən çaydan il ərzində nə qədər boş-boşuna sular gedir, istifadəsiz qalır, bax bu, çox böyük dəhşətdir. Məsələn, Gəncə çayında milyon kublarla boş, istifadəsiz sular gedir, hara tökülür? O yerə tökülür ki, ordan heç kim istifadə etmir. Əgər Göygöl rayonunun Azos deyilən ərasizində suyun qabağını kəssələr və yazda-yayda axan suyu ora toplayıb, sonra onu suvarma sistemlərində istifadə etsələr, bilirsinizmi milyonlarla gəlir əldə etmək olar. Ölkə üçün nə qədər iqtisadi fayda verə bilər”.

Gəncəçayın suyundan kənd təsərrüfatında istifadə edilməməsi su mənbələrinin yanlış seçilməsindən yaranan müxtəlif faktorların bir nümunəsidir. Bu sadəcə bölgədə yaşayan insanlar üçün əhəmiyyətli bir qidalanma mənbəyi deyil, həmçinin iqtisadi baxımdan da gəlirli mənbə kimi çıxış edə bilər. 

Pərvin Abbaszadə