Yay, isti havalar və məzuniyyət dövrü sakinlərin yerli turizmlə yanaşı istirahət üçün xaricə üz tutmasını da şərtləndirir. Quru sərhədlərinin bağlı olması heç də ölkə xaricinə səyahətlər üçün maneə deyil. Mövsümün istirahət üçün ən çox gedilən ölkələri ilə maraqlanmışıq, görək şəhər sakinləri daha çox hara üz tuturlar?
Turizm mövsümünün canlandığı dövr yay aylarına təsadüf edir. Bu bir tərəfdən havaların isti keçməsi ilə bağlıdırsa, digər tərəfdən əksəriyyətin məzuniyyət dövrünün məhz yaya təsadüf etməsi ilə şərtlənir. Bu isə ölkədaxili və xarici səyahətlərin sayını artırır. Düzdür, bir müddət öncədən rezervasiya edənlər üçün səyahət büdcə baxımından çətinlik yaratmasa da, indi əl-ayağa düşənlər həm büdcə, həm də məkan baxımından var-gəl etməli olurlar.
Ceyhun Cəfərov- sakin: “İstirahətə bu il Türkiyəyə gettim, 3 gün bundan qabaq gəlmişəm. Xərc də ki, 10 günlük özümüzə görə 600-700 manat civarında oldu. Bizdə hər şey biletin içində idi. Şəxsi öz xərcin sənin öz arzuna baxır. Turun qiyməti 550 manat məbləğində idi bir də ki, özümün yol xərcim”.
Dəniz Əliyev- sakin: “Bu yay mən ailəmlə birgə Gürcüstanın Batumi şəhərini seçdim. İstirahəti rahat edə bildim. Çox gözəl şəhərdir, tarixi haqqında məlumat ala bildim. Həmçinin yaxın və ucuz ölkədir. Hardasa, 1 həftəlik 500 manat xərcim çıxdı”.
Sakin: “Hər bir insan istəyər ki, istirahətə bütün ölkələri gəzsin. Eləcə də mən, o qədər səyahət sevənəm... Ölkəni seçmişəm - Rusiyada Moskvada olmuşam”.
Şəhla Cəfərova- sakin: “Turla getməmişik. Şəxsi, öz hesabımıza getmişik. Şəxsi getmək məncə turdan daha sərfəli gəlir. Türkiyədə olduq, Rusiyada olduq, BƏƏ-də olduq. Qiymətlər o qədər də baha deyil, amma qaldığın yerdən asılıdır. Bahalı yerdə qalsan, xərcin çox çıxar, ekonom yerdə qalsan daha az çıxar. Xaricə getmək daha yaxşıdır, çünki dünyagörüşü artır, uşaqlar üçün də maraqlı olur. Azərbaycandaxili onsuz da gəzirik”.
Görünən odur ki, səyahət edənlərin sayından və gedəcəyi ölkədən asılı olaraq təklif edilən tur paketlərin də qiyməti fərqlənir. Turizm şirkətlərinin təklif etdiyi tur paketlərlə səyahət daha etibarlı sayıldığı üçün vətəndaşlar belə xidmətlərə üz tuturlar. Yəni "hər şey daxil” sistemi yerli turistlər ücün daha cəlbedicidir. Bu formada Türkiyəyə üz tutanlar isə üstünlük təşkil edir. Gürcüstan, Misir və bəzi Avropa ölkələri sıralamada sonrakı yerlərdədir.
Nazim Bayramov- turizm şirkətinin rəhbəri: “Bu il ötən illərə nisbətən artım müşahidə olunur. Əsas maraq dairəsi həmişə olduğu kimi hazır tur paketləri olan ölkələrə maraq daha böyükdür və orda qiymətlər də münasibdir. Bunlar əsasən Türkiyənin istirahət zonalarıdır - Antalya, Bodrum, Kuşadası, Fethiye. Qiymətlər yanvar ayının əvvəlindən açılır və erkən rezervasiyalar daha aşağı olur. Daha çox o zaman müraciətlər olur və o zaman hotellərin bir çoxunda 50% endirimlər olur. Səfər tarixi yaxınlaşdıqca qiymətlərdə artım müşahidə olunur”.
Nuranə Sarıyeva- turizm şirkətinin rəhbəri: “Gəncə şəhərində hər il olduğu kimi bu il də xaricə tələbat artıb. Gedənlərin əksəriyyəti keçən ilə qədər Türkiyə idisə, indi artıq Avropa ölkələrinə axın edirlər. Yay mövsümüdür deyə Misirə getməyənlər bu il Misirə də seçim edirlər. Tur paketinə daxildir aviabiletlər, transferlər, sığorta, müştərinin neçə gecə qalacağına dair gündə 3 dəfə qidalanma. Ortalama qiymətlər başlayır əgər isti tur kimi təklif etsək 2 nəfərin qiyməti 2000-2500 manat, ailə üçün isə 2+2 nəfər üçün başlayır 3000-3500 manatdan yuxarı”.
Yerli turizm şirkətləri müxtəlif endirimli tur paketləri də təklif edirlər ki, buraya standart xidmətlərdən əlavə müxtəlif proqramlar, səyahət və əyləncə daxil edilir. Statistikaya nəzər saldıqda isə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 3 faiz artıb.
Pərvin Abbaszadə
- Baxış: 346