Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rövşən Əliyevin meyitinin qalıqları Xırdalanda torpağa tapşırılıb. O, 1992-ci il noyabrın 11-də Laçın rayonunun Təzəkənd kəndində itkin düşüb.
Yetər Əliyeva- şəhid Rövşən Əliyevin həyat yoldaşı: “32 il gözümüz yollarda qalmışdı, bugünkü günə çox şükür ki, bizim gözümüz yollardan çəkildi. Düzdür, balalarını görmədi. Amma biz onunla şərəf duyuruq ki, vətən uğrunda şəhid olubdur. 1 ay bundan qabaq xəbər gəldi. Amma çox sağ olsunlar ki, tezliklə gətirdilər”.
Vüsalə Əliyeva- şəhid Rövşən Əliyevin qızı: “Müharibəyə könüllü getdi, 6 ay vuruşandan sonra gəldi. Sonra könüllü olaraq heç ailəsinin xəbəri olmadan getdi, eşitdik ki, Ağdərədə vuruşur. Ondan sonra heç bir xəbərimiz olmadı”.
Tərtərdə naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Namiq Cəfərovun meyitinin qalıqları Saatlının Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Namiq Cəfərov 1992-ci ilin sentyabrında Ağdərə rayonunda itkin düşüb.
Zakir İsaqovun qalıqları isə Zərdabın Təzəkənd kənd qəbiristanlığında dəfn edilib. O da 1992-ci ilin sentyabrında Ağdərə rayonunda itkin düşüb.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səbuhi Süleymanovun meyitinin qalıqları isə Şəkinin Cəfərabad kənd qəbiristanlığında torpağa tapşırılıb.
Vüsalə Cənnətova
- Baxış: 224