Ötən buraxılışımızda güclü küləyin Gəncədə yaratdığı fəsadlar barədə məlumat vermişdik. Ağacların aşaraq evlərə, yaşayış binalarının dam örtüklərinə, avtomobillərə zərər vurmasını göstərmişdik. Hadisədən keçən müddət dəyən ziyanın necə qarşılanacağı və ya təmir-bərpanın hansı yolla baş tutacağı sualını aktuallaşdırır.
Natiq Hüseynov- zərərçəkən: “Şikayət olunub ki, gəlin budayın- qurudur, xəsarət törədə bilər. Deyirlər ki, Ekologiya Nazirliyinin rəyi olmalıdır, biz edə bilmərik - ağaclar qırmızı kitaba düşüb. Gəlib budamadılar. İndi də nəticəsi budur. Hardasa, 3-4 min ziyan dəyib”.
Gəncədə baş verən güclü külək nəticəsində evlərinə ciddi ziyan dəyən sakinlər ağacların təhlükəli vəziyyətdə olduğundan danışır. Deyirlər, kökü və budaqları quruduğundan nəinki mülkiyyət, elə həyat üçün də təhlükə saçırlar. Dəfələrlə şikayət etmələrinə rəğmən, tədbir görülmədiyini iddia edənlərin evləri, indi aşan ağaclar nəticəsində yararsız vəziyyətə düşüb.
Rahilə Hüseynova- zərərçəkən: “Ağac qurudur. Suçəkənlər gəlib ağacın uzanan köklərinin hamısını kəsdilər, su çəkdilər. Sonra da suyu ağacların dibinə verdilər, ağacın dibi yumuşaldı. Küləkdə də belə oldu. Biz neçə dəfə demişik, heç bizim sözümüzə baxan yoxdur. Bu küləkdə də ağac qopdu, saat 10-11 olardı. Qopdu, düşdü evin üstünə. Bir tərəfi bizim evi dağıtdı, bir tərəfi də qonşunun evini”.
Elnur Əliyev- zərərçəkən: “O deyir biz baxmırıq, bu deyir biz baxmırıq. Qırmızı kitabdadır. Deyirlər gedin, hardansa keçin. O da həmin o “keçin”lərin fəsadı bax budur. Görürsünüz ki, həqiqətən də kökündən quruyub, qolu-budağı qurumuşdu. Gəldi axırda da fəsadını törətdi. Bir dənə yüngül qasırğayla aşıbsa, demək ki, bu çinarların hamısı Qırmızı kitabda olmağına baxmayaraq, təhlükədədir”.
Məsələ ilə bağlı Gəncə Şəhər Yaşıllaşdırma İdarəsindən verilən məlumata görə, yaşı 1 əsrdən artıq olan 200-ə yaxın çinar ağacının mühafizəsinin təşkili üçün pasportlaşma aparılıb. Bu baxımdan Gəncə Şəhər Ekologiya və Təbii Sərvətlər İdarəsindən alınan müsbət rəy əsasında qəzalı və ya təhlükəli hesab edilən ağaclarla bağlı lazımi tədbirlər görülür.
Elmar Əzizov- Gəncə Şəhər Yaşıllaşdırma İdarəsinin rəisi: “Vətəndaşın ağaclar barəsində hər hansı bir şikayəti varsa - qurumuşu, ya misal üçün əgər onun budaqlarının evinə ziyan dəyirsə yazılı sürətdə ekologiya idarəsinə müraciət etməli və ekologiya idarəsi həmin şikayə baxmalıdır. Əgər qurumuş ağacdırsa, onlar laboratoriya işçilərini göndərirlər, ağacı müayinə edirlər, ağac nədən quruyub, niyə quruyub - xəstəlikdirmi, ya qəsdlə qurudulub. Budanma və kəsilmə işləri yalnız Ekologiya idarəsindən verilən rəyə görə tərəfimizdən icra olunur”.
Mövcud vəziyyətdə dəyən ziyanın qarşılanmasının yeganə yolu isə sığortadan keçir. Hansı ki, ağacların aşması nəticəsində fəsad yaranan evlərin heç birinin sığortası yoxdur. Belə olan halda isə dəyən ziyanın ödəniləcəyi müşkül məsələyə çevrilir. Daşınmaz əmlakın sığortası “İcbari sığortalar haqqında” Qanunla tənzimlənir. Hansı ki, illik ödənişi 20 min manata qarşı cəmi 40 manat təşkil edir.
Elnur Həsənov- sığorta əməkdaşı: “Burada vətəndaş düzdür, əmlakına dəymiş zərəri tələb edir. Yəni sığorta şirkətindən tələb edə bilər. O halda ki, onun əlində daşınmaz əmlakın icbari sığortasının müqaviləsi mövcud olsun. Həm də bildiyiniz kimi daşınmaz əmlakın sığortası icbari, yəni məcburidir. Yəni bu olduğu halda vətəndaş həmin təminatı əldə edib, sığorta şirkətindən həmin ziyanı tələb edə bilər. Təbii fəlakətlərdən vətəndaşlar sığorta şirkətinə müraciət edib, həmin təminatları əldə edə bilərlər”.
Hazırda isə aidiyyəti qurumlar tərəfindən dəymiş ziyanın aradan qaldırılması istiqamətində müvafiq işlər görülür, ziyan hesablanır.
Pərvin Abbaszadə
- Baxış: 504