• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1428
— 25.05.2024 18:55

Külək sakinlərə ziyan vurub, bəzi kommunal çətinliklər yaranıb

KepezTV Player

Qərb bölgəsində müşahidə olunan güclü külək Gəncədə bir sıra fəsadlar törədib. İrigövdəli ağaclar aşıb, evlərə, nəqliyyat vasitələrinə, eyni zamanda elektrik və qaz təsərrüfatına ziyan dəyib.

Müşahidə olunan güclü külək səbəbi ilə şəhərin Heydər Əliyev və Nizami Gəncəvi prospektlərində, eləcə də digər küçələrdə 30-a yaxın irigövdəli ağac aşıb, müəyyən yollarda avtomobillərin hərəkətində qısa müddətdə çətinlik yaranıb. Küləyin təsirindən aşan ağaclar bir avtomobilə və bir fərdi yaşayış evinə ziyan vurub. Üzərinə iri çinar ağacı aşan evlərdən birinin damı yararsız hala düşməklə yanaşı, tikilinin içərisinə də zərər dəyib.

Rahilə Hüseynova- zərərçəkən: “Ev mənimkidir, öz adımadır. Neçə dəfə müraciət eləmişik, gəlib çinarı kəsməyiblər, deyiblər ki, bir budağını tərpətməyin! İndi də yatdığımız yerdə başımıza uçub. Ağac uçdu, düşdü evin üstünə, çən aşdı suyun hamısı evin içinə doldu”.

Güclü külək bir neçə fərdi yaşayış evinin dam örtüyünü uçurub. Şeyx Bahəddin küçəsində yerləşən evlərdən birinin dam örtüyü yararsız hala düşüb.

Reyhan Rzayeva- zərərçəkən: “Dam örtüyünü külək qaldırdı. Kubikləri dağıtdı. Qorxduq, evin əşyalarını çölə çıxardıq, qonşuya yığmışıq. Çox qoxulu, təhlükəli vəziyyət alındı. Dam örtüyündən başqa kubiklər düşdü, evin aynasına, qapısına ziyan dəydi. Hamamın, sanitar qovğaşın qapı-pəncərələri qırıldı”.

Bir sıra ərazilərdə ağacların budaqları sınaraq elektrik naqillərini, qaz borularını zədələyib. Elektrik enerjisinin verilişində fasilələr yaranıb. Səhər saatlarından başlayaraq əlverişsiz hava şəraiti ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışıb. Yaranan xoşagəlməz halların qarşısı qısa zamanda aradan qaldırılıb. Operativ şəkildə şəhərin bütün ərazilərində aşan ağaclar kəsilərək götürülüb, sakinlərə dəyən zərər müəyyənləşdirilib.

Elmar Əzizov- Gəncə şəhər MKTİB-in Yaşıllaşdırma şöbəsinin rəisi: “Hazırda şəhərdə 3 briqadamız işləyir, texnikalarımız işə cəlb olunub. Bütün dəyən fəsadlar Mənzil Kommunal İstehsalat birliyi ilə birlikdə aradan qaldırılır”.

Güclü küləyin bir müddət davam edəcəyi gözlənilir. Bütün lazımi strukturlar səfərbər olunub və hər hansı olay yaşanacağı halda dərhal reaksiya verməyə hazırdırlar.

Orxan Cəfərzadə