• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1598
— 13.05.2024 19:33

Prezident İlham Əliyev qəbullar keçirib

KepezTV Player

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibi Patrisiya Skotlendi qəbul edib. Azərbaycanın kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin problemlərinə COP29 sədrliyi çərçivəsində xüsusi diqqət yetirəcəyini deyən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz onların problemlərinin həllinə öz töhfəsini verməyə hazırdır. Bu xüsusda Azərbaycan ilə Millətlər Birliyi təşkilatı arasında birgə əməkdaşlıq layihələri və COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclasın keçirilməsi məsələləri müzakirə olunub. 

Prezident İlham Əliyev Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi də qəbul edib. Görüşdə dövlətimizin başçısı COP29un təxminən 200-ə yaxın ölkənin yekdil qərarı ilə Azərbaycana həvalə edilməsinin ölkəmizə hörmət əlaməti olduğunu qeyd edib. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Konfransda müzakirə olunacaq ən mühüm məsələ maliyyədir. Vəsaitlərin ayrılması üzərində fəal çalışırıq ki, həmin məsələlər həllini tapsın. Eyni zamanda, anlayırıq ki, iqlim dəyişmələri bəzi ölkələr üçün problemdir, lakin digərləri üçün mövcudluqla bağlı olan məsələdir. Biz bunu aydın şəkildə anlayırıq. Düşünürük ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur. Sizi əmin edə bilərik ki, kiçik ada dövlətləri məsələsi, onlara dəstəyin verilməsi, onların müdafiəsi müzakirələrin təməlində dayanacaq. COP29-un sədri kimi, biz bunu diqqət mərkəzində saxlayacağıq. Həmçinin digər kiçik ada dövlətləri ilə məsləhətləşərək, COP29 zamanı yüksək səviyyəli nümayəndələrin görüşünün təşkil olunmasını təklif edirik. Eyni zamanda, kiçik ada dövlətlərinə dəstəyin verilməsi məqsədilə praktiki töhfəni və maliyyələşmə addımlarını bəzi tərəfdaşlarla artıq müzakirə edirik.

Vüsalə Cənnətova