• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2094
— 09.05.2024 17:37

İtkin düşən qardaşın "Butulkalı ev"i

KepezTV Player

Bu günü Gəncə üçün özəlləşdirən bir sıra məqamlar var. İlk azərbaycanlı Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədov, Museyib Bağırov, Məmməd Məhərrəmov SSRİ qəhrəmanı adına layiq görülüblər. Gəncəli mütəfəkkir Mirzə Abbas Abbaszadənin oğlu Ənvər Abbaszadə İtaliya partizan hərəkatının qəhrəmanı olub və “Armando” ləqəbi ilə tanınıb. Gəncənin müəssisələrində istehsal hərbi sifarişlər və cəbhə üçün gərəkli məhsullar üzrə təşkil edilib. Cəbhə bölgələrindən köçürülən 16 mindən çox insan burada sığınacaq tapıb. Lakin təqdim edəcəyimiz süjet Gəncə sakini İbrahim Cəfərovun müharibədə itkin düşən qardaşının xatirəsini əbədiləşdirmək üçün yaratdığı “Butulkalı ev” barədədir. 

Gəncənin Qəmbər Hüseynli küçəsində yerləşən “Butulkalı ev” İbrahim Cəfərov adlı bir memarın fantaziyasıdır. İbrahim Cəfərov evi 2-ci Dünya müharibəsində itkin düşən qardaşı Yusifin xatirəsinə tikib. O ümidlə ki, 26 yaşında əsgər gedən və geri qayıtmayan qardaşı bir gün bu evin sorağını eşidərək geri dönəcək. İbrahimin qardaşı geri dönməsə də yaratdığı əl işi illərdir diqqətləri özünə cəlb edir.

Məhəbbət Cəfərova- İbrahim Cəfərovun gəlini: “Ev 1966-1967-ci ildə tikilib. Qayınatamın özü tikib. Qardaşı 1941-ci ildə müharibəyə gedib, cavan olub, ailəsi olmayıb. Müharibəyə gedib, gəlməyib. Ona görə qayınatam bu evi tikib ki, bəlkə mənim qardaşım sağ olar, gələr. Şampan butulkaları, yod butulkaları, bir də Soçidən gələn daşlardır. Xırda daşlardan. Bu daşların hamısı Soçidən gəlib. Buraya 48 min butulka gedib. 1 ilə tam hazır edib -1966-cı ildə yarısı hazır olub, 1967-ci ildə tam qurtarıb”.

Evin birinci mərtəbəsi 1952-ci ildə çay daşı və bişmiş qırmızı kərpicdən inşa olunub. Lakin mühəndis 2-ci mərtəbənin inşasında o dövr üçün qeyri-ənənəvi materiallardan istifadə etməklə, insanların memarlıq zövqünü oxşamağı bacarıb. Bu ev şəhərdəki yaşayış tikililərindən fərqlənən bənzərsiz sənət əsəri olmaqla yanaşı, Gəncəyə gələn turistlər üçün ziyarət ediləcək məkanlardan olub. “Butulkalı ev”ı görməyə gələnlər xatirələrini xüsusi alboma qeyd ediblər. Elə günü bu gün də.

Rövşən Cəfərov- İbrahim Cəfərovun nəvəsi: “Bura dünyanın hər bir yerindən gəlirlər. Dünyanın elə bir yeri yoxdur ki, bura gəlməsinlər. Bu ev hazır olandan bəri bura turistlər gəlir. Misal üçün, bu yaxınlarda alman turistlər də gəlib, rus turistlər də. Onlar bir yerdə oturub bu evə baxıblar, bu evdə çay da içiblər, alboma gözəl sözlər də yazıblar. Onlar bu evə baxıb, məəttəl qalırlar ki, insanda nə qədər hövsələ, səbr, sənət olar ki, sən bu daşları belə qırıb, belə yonub, bu əsəri ərsəyə gətirəsən”.

İbrahim Cəfərovun yadigar qoyub getdiyi evdə indi onun gəlini və nəvələri yaşayır. Binanın tavanı və bir çox hissəsi 2019-cu ildə restovrasiya olunub. Amma ev sahibinin diqqət çəkən müraciəti də var.

Məhəbbət Cəfərova- İbrahim Cəfərovun gəlini: “Bax, xırda-xırda daşlar artıq tökülür. Şənbə-bazar burdan “KamAz”lar, beton maşınları keçir. Onlar da ayna-qapıları silkələyir, daşlar tökülür”. 

"Butulkalı ev"də diqqətçəkən məqamlardan biri də odur ki, memar tərəfindən fasadın yuxarısında, arxa və yan divarlarında butulkalarla "Gəncə" sözü işlənib. Baxmayaraq ki, şəhər Kirovabad adlandırılırdı. Binanın fasadı, eyvan və tavanında müxtəlif rəsmlər, eləcə də İbrahimin və qardaşı Yusifin hərbi geyimdə olan portretləri çəkilib. Binanın arxa divarına butulkalarla işlənən “Moskva 80” yazısı göstərir ki, memar "Butulkalı ev"in ikinci mərtəbəsinə sonradan bir sıra əlavələr edib.

Pərvin Abbaszadə