1992-ci il 8 mayda itirdiyimiz Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda 44 günlük Vətən müharibəsi zamanı geri qaytarıldı. Bu gün Şuşa nəinki ölkədaxili, həmçinin beynəlxalq tədbirlərə ev sahibliyi edir. Şuşaya köçürüləcək ailələr arasında ilk püşkatma da keçirilib. Bu ay 20 ailəyə mənzillər təqdim ediləcək. Qarabağın incisi sayılan Şuşa doğma sahiblərinə qucaq açmaqdan məmnun görünür. Bir sözlə, Şuşanın fəthi kimi yenidən qurulması, canlanması da adı, tarixi və mövqeyi baxımdan möhtəşəm olacaq.
Kərim Kərimli- Şuşa sakini: “Hər şeyini qoyub, yalnız ətdən-sümükdən ibarət olan bədənini götürüb çıxırsan. Və o məqamda düşünürsən ki, bu bədən mənə lazımdırmı? Şuşanı düşmənə təhvil verib çıxırsansa, bu can sənin nəyinə lazımdır?
-Mən bir hərbi formada çıxmışdım, cibimdə pulum da yox idi. Çünki hər şeyim mətbəədə idi. Mətbəənin direktoru idim. Gedib götürmək istəyəndə bomba düşmüşdü.
-1000 illik dədə-babanın qurduğu, yaratdığı mədəniyyətdən ayrılıb gedirsən. Atanın, babalarının məzarları olan torpağından ayrılıb gedirsən, böyüdüyün, yaşadığın torpağından ayrılıb gedirsən, dostlarını, ətrafını hər şeyini orda qoyub, çıxırsan.
-Şəhərin elə bir hissəsi, elə bir yeri yox idi ki, ora mərmi düşməsin. Yalnız Şuşadan Laçına gedən yoldan - İsa bulağı tərəfdən atəş açılmırdı. Şuşanın ətrafından, Xankəndindən, həmin dövrə qədər işğal olunmuş Kərkicahandan, Daşaltıdan və s. Şuşa atəşə tutulmuşdu. Səhər 6-ya qədər həmin atəş davam elədi. Təxminən saat 6-dan isə sükut çökdü. Və artıq piyadaların hücumu başladı. Yəni birbaşa piyada qoşunlar, ardınca da hərbi texnika Şuşanın üstünə gəldi”.
Mayın 8-i 1992-ci il... O gündən sonra, düz 28 il Şuşa dağlarından qara bulud çəkilmədi... Azərbaycanda həmin ilin yaz aylarından başlayan siyasi çəkişmələr, daxili hərc-mərclik ucbatından cəbhə bölgəsinin nəzarətdən kənar qalması Qarabağın incisi olan Şuşanın işğalı ilə başa çatdı.
Aydın Hüseynov- Milli Məclisin üzvü: “Şuşanın itirilməsi bir neçə amillərlə bağlıdır. Birinci növbədə ölkədə çox böyük xaos idi. Həmin dövrdə yəni 1992-ci və 1993-cü ilin əvvəllərinə qədər hakimiyyətdə olanlar, AXC-Müsavat cütlüyü yalnız və yalnız kreslo davası edirdilər. Ölkədə böyük qarşıdurmanın yaranması məhz həmin onların səriştəsizliyi nəticəsində oldu. Digər tətəfdən isə, orduda vahid komandanlıq yox idi”.
Dövlətçilik kimi fundamental dəyərlərin olmadığı bu vəziyyətdən çıxış yolunu axtaran xalq, qanı və canı bahasına əldə etdiyi müstəqilliyi qorumaq üçün çıxış yolunu Heydər Əliyevin simasında görürdü. 1993-cü ilin iyunundan etibarən, Azərbaycan müstəqil siyasət həyata keçirən müstəqil dövlət oldu. Həmin siyasətin davamıdır ki, dövlətçilik prinsipiylə inkişaf edən Azərbaycan tarixi zəfərə imza ataraq artıq ərazi bütövlüyünü təmin edib. Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşanın zəfəriylə müharibənin taleyi həll edildi. Ardından 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bununla da noyabrın-10-u Azərbaycanın şərtlərini qəbul edən Ermənistan kapitulyasiya aktını imzaladı.
Artıq 4 ildir ki, Azərbaycan xalqı 8 may tarixini qürurla qeyd edir. Qarabağın gözü hesab edilən tarixi şəhərin zəfəri kimi yenidən qurulması da möhtəşəm olacaq.
Vüsalə Cənnətova
- Baxış: 264