• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1243
— 08.05.2024 20:06

Dönərdən zəhərlənmə hansı səbəblərə görə baş verə bilər?

KepezTV Player

Dönərdən zəhərlənmə ən ağır qida zəhərlənmələrindən hesab olunur. Bu halda vaxtında yardım göstərilməzsə, xəstədə ağırlaşmalar baş verə bilər. Gəncə şəhərində son iki ildə belə bir vəziyyətlə bağlı Təcili Tibbi Yardım stansiyasına çağırış daxil olmayıb.

Sərvər Nadirov- həkim: “2023-cü il, 2024-cü ildə qida zəhərlənməsi ilə bağlı təcili yardım stansiyasına çağırış, müraciət olmayıb. Qida zəhərlənməsinə oxşar əlamətlər olur. Bu mədə-bağırsaq sisteminin funksional pozulmasıdır. Həmin hallarda da zərərçəkmişlərdə ürəkbulanma, qusma əlamətləri ola bilər. Təbii ki, bu halı həkimlər yerində dəyərləndirir. Xəstənin qida zəhərlənməsi, yoxsa mədə-bağırsaq sisteminin funksiyonal pozulması olduğunu müəyyənləşdirir”.

Mütəxəssislərin sözlərinə görə, dönərdən zəhərlənmə hallarına əsasən keyfiyyətsiz qida məhsullarından istifadə, anti-sanitar vəziyyətdə xidmət göstərilməsi səbəb ola bilər. Gəncədə fəaliyyət göstərən iaşə obyektlərinin sahibləri sanitar-gigiyenik qaydalara, aldıqları ətin keyfiyyətinə zəmanət verən sertifikatın olmasına və sair vacib məqamlara xüsusi diqqət yetirdiklərini iddia edirlər.

İsaq Əhmədov- sahibkar: “Biz məkana ət alanda əsasən keyfiyyətinə fikir veririk. İlk növbədə halal şəraitdə kəsilmiş ətlərdən istifadə edirik. Əsas, ət təzə olmalıdır. Mütləqdir ki, aldığımız yerlərdən ətin sertifikatını tələb edirik. Sertifikatımızı da müştərilərə göstəririk ki, ürəkləri rahat olsun. Dönəri təmiz yerdən alsınlar”.

Sərxan Baxışov- sahibkar: “Əti alanda birinci növbədə ətin təzə olmağına, hansı vaxtda kəsilməsinə, keyfiyyətinin yaxşı olmasına diqqət edirik. Müştərilər gələndə keyfiyyət sertifikatımız var. Hansı müştəriyə dönərlə bağlı nəsə qaranlıq qaldıqda sertifikatımızı göstəririk”.

Bəzi dönərxanalarda məhsullar müştəriyə çox ucuz qiymətə təklif olunur. Bəs alıcılar necə, “ucuz ətin şorbası olmaz” deyib, aldıqları qidanın keyfiyyəti barədə düşünürlərmi?

Şəhər sakini: “Hər bir şeyinə - keyfiyyətinə, dadına, təmizliyinə hər şeyinə fikir verirəm. Elə bu sertifikata görə bilirəm ki, təzədir. Ona görə də burdan alıram, evə də rahat aparıram”.

Şəhər sakini: “Tələbəyəm deyə bunları tez-tez yeyirəm. Alanda da fikir verirəm ki, hardan alırlar. Ətinə fikir verirəm, məhsula fikir verirəm. Mən məhsulu həmişə burdan alıram. Yəni tərkibinə də fikir verirəm”.

Şəhər sakini: “Dönər alanda ilk növbədə ətin bişmə səviyyəsinə baxmaq lazımdır. Ucuzvari yerlərdən almaq məsləhət görülmür. Ucuz yerlərdən dönər aldıqda insanda qida zəhərlənməsi baş verə bilər. Yəni bu cür hallar olur”.

Şəhər sakini: “Dönər nadir hallarda yeyirəm. Yeyəndə də tanış olan, ya dostlarımın bildiyi yerlərə gedirəm. Daha çox hansı çox satış edirsə, ordan alıram, çünki orda ət tez qurtardığından, yenisini gətirirlər”.

Şəhər sakini: “Bəli, dönərdən çox istifadə edirəm. Özüm tələbəyəm. İstifadə edərkən bəzi qaydalara riayət edirəm. Restoranın reytinqlərinə baxıram və ətin yeni olmasına, keyfiyyətinə baxıram. Ət iki-üç gün və daha çox qalmış ola bilər, istifadəyə yararsız ola bilər”.

Şəhər sakini: “Mən də son günlər fikir verirəm ki, dönərdən zəhərlənmələr yaman artıb. Ona görə də restoranın keyfiyyətinə xüsusi fikir verirəm. Əsasən də restoranların və ətin keyfiyyətinə fikir verirəm”.

Qida Təhlükəsizliyi Agentliyindən dönərxanaların və digər iaşə obyektlərinin vəziyyəti ilə bağlı mütəmadi yoxlamalar aparıldığı açıqlandı. Neqativ hallar aşkar edildikdə, lazımi tədbirlər görülür. 

İlkin Kərimov- AQTA-nın mətbuat katibi: “Ümumilikdə bildirim ki, 2024-cü ilin ötən dövründə agentlik tərəfindən 58 dönərxanada yoxlama aparılıb. Yoxlamalar zamanı 18 dönərxanada sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Uyğunsuzluq aşkarlanan obyektlərin fəaliyyəti ilə bağlı müvafiq məhdudlaşdırıcı qərarlar qəbul olunub”.

Hər halda qida məhsullarının daşınması, saxlanılması və emalında kobud səhvlərə yol vermək zəhərlənmələrə gətirib çıxarır. Düzgün göstərilməyən xidmət həm müştərilər, həm də obyekt sahibləri üçün problemlərlə nəticələnir. Odur ki, istehlakçılar diqqətli, sahibkarlar isə vicdanlı və məsuliyyətli olsalar məsləhətdir.

Pərvin Abbaszadə