• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1782
— 30.04.2024 19:36

Kirayə müqaviləsinə görə vergi necə ödənilir?

KepezTV Player

Əmlak ekspertləri Gəncənin bəzi ərazilərində mövsümlə əlaqədar kirayə qiymətlərində 15-20 faizlik bahalaşmanın müşahidə edildiyini bildirirlər. Ancaq evlərini kirayə verən əmlak sahiblərinin heç də hamısı vergi ödəyicisi kimi qeydiyyata durmurlar.

Respublika ərazisində hələ də evi olmayan minlərlə insan var və onlar adətən başqasının evində kirayəçi kimi yaşayırlar. Kirayəyə üz tutanlar həm də evi olan, lakin işləmək və yaxud təhsil almaq üçün iri şəhərlərə üz tutanlardır. Odur ki, Azərbaycanda əməlli-başlı kirayə bazarının formalaşdığını deyə bilərik. Amma bu bazarda sövdələşmələrin demək olar ki, əksəri qeyri-rəsmi formada, yəni şifahi razılıq əsasında baş tutur. Bu isə istifadə edilən əmlaka görə vergi ödənişi ilə bağlı sualı açıq qoyur.

Elmir Sadıqov- rieltor: “Bizim də qarşımıza çıxır ki, ev sahibi ilə kirayəçi kontrakt bağlamırlar. Bu da əlbəttə ki, vergidən yayınmaqla nəticələnir. Tövsiyə edərdim ki, ev sahibiylə kirayəçi arasında rəsmi şəkildə müqavilə bağlanılsın və vergisini dövlətə ödəniş etsin. Belə məsələlər başımıza çox gəlir”.

Ceyhun Muğalov- rieltor: “Vergidən yayınmamaq üçün əsasən rəsmi müqavilə bağlanılmalıdır. Amma müştərilərin çoxu bu vergidən qaçır, yayınır. Ev sahibi ilə kirayəçi arasında müqavilə bağlanılmır. Məsləhət görürük ki, ev sahibi ilə müştəri arasında kirayə müqaviləsi bağlanılsın. Onun özü də yaxşı bir şeydir ki, sabahkı gün bir hadisə olduqda, sığortalanmaq üçün gözəl bir şeydir”.

Kirayə müqaviləsinin bağlanılmasında təkcə ev sahibləri deyil, həm də kirayəçilər maraqlı olmalıdır: Yəni ev sahibi kirayəçini vaxtından əvvəl evdən çıxara bilməz, gözlənilmədən qiyməti artıra bilməz.

Elnur Fərzəliyev- əmlak məsələləri üzrə ekspert: “Notarial qaydada bağlanılmış müqavilədə hər iki tərəfin öhdəlikləri qeyd olunur və hər iki tərəf onların üzərinə düşən öhdəliklərindən məlumat aldıqdan sonra imzalayırlar. Əksər hallarda şahidi oluruq ki, vətəndaş kirayə mənzil və ya qeyri-yaşayış obyekti götürən zaman bəlli bir zamandan sonra əmlak sahibi qiyməti artırır və ya kirayəgötürənin həmin əmlakdan uzaqlaşmasını tələb edir. Əgər onların aralarında bağlanılan müqavilə rəsmi olarsa, təbii ki, artıq heç bir tərəf biri digərinin hüquqlarını poza bilməz”.

Evini kirayəyə verən və kirayəyə ev götürən şəxslər bir qayda olaraq müqavilə bağlamırlar. Bu isə həm ev sahiblərinin və kirayəçilərin hüquqları baxımından risk yaradır, həm də kirayə bazarına nəzarət etməyə, bazar iştirakçılarını vergiyə cəlb etməyə mane olur.

Nail Qarayev- hüquqşünas: “Ümumiyyətlə kirayə müqaviləsinin rəsmiləşdirilməsində məqsəd tərəflər arasında yaranmış hüquq münasibətlərini rəsmiləşdirmək və qanun çərçivəsinə salmaqdan ibarətdir ki, bunda da əsas məqsəd gələcəkdə tərəflər arasında yarana biləcək anlaşılmazlıqların, problemlərin həllini müqavilədə qeyd edib və bunun qarşısının alınmasıdır. Əsas məqsəd yayındırıcı xarakter daşımasıdır. Artıq müqavilə bağlanıldığı zaman kirayə verən vergidən yayına bilmir. Yayındığı halda isə qanunla müəyyən edilmiş miqdarda cərimə tətbiq olunur”.

Əgər vətəndaş uzun müddət bir yerdə yaşayırsa, orada qeydiyyata düşməlidir. Bununla da həmin ərazidə tibbi xidmətlərdən istifadə etmək, uşaqlarını bağçaya, məktəbə qoya bilmək, seçkilərdə iştirak etmək, banklardan, mağazalardan kredit götürmək olar.

Pərvin Abbaszadə