İşləyən analar, uşağı ilə məşğul olmağa kifayət qədər vaxtı olmayan valideynlər övladını əmanət etmək üçün etibarlı yer axtarırlar. Bəzilərinin seçimi bağça olduğu təqdirdə, bir çoxları qərarını dayədən yana edir. Bəs dayə seçərkən hansı amillər nəzərə alınır? Ümumiyyətlə dayəlik peşədir, yoxsa həvəsi olan hər kəs bu işlə məşul ola bilər?
Uşağa baxmaq səbr, psixoloji hazırlıq və təhsil tələb edir. Amma tələb edilən hər şey reallıqda öz əksini tapmır. Yəni dayə seçərkən əksər valideynlər sadalanan faktorlara önəm vermirlər. Mövzunu araşdırarkən həmsöhbət olduğumuz dayələr çox az valdeynin bununla maraqlandığını dedilər.
Şəfa Namazova- şəhər sakini: “Mən 35 ildir bu sahədəyəm. Bu sahənin bütün dərinliklərini bilirəm. Mənim vaxtilə yanıma gələn uşaqlar, bu gün öz uşaqlarını gətirirlər. Onların heç bir kriteriyaları yoxdur. Uşağa baxmaq üçün insanda əsas səbr olmalıdır”.
Şəhər sakini: “Dayəni evdə tutduq. Gəlirdi, evdə bununla müntəzəm həm rus dili, həm də şəkil çəkmək öyrədirdi. O barədə narazılığımız olmayıb. Tanıdığım adam idi. Əvvəl də qonşu olmuşuq. Tanımadığıma heç vaxt etibar etmək olmaz. Mümkün deyil”.
Uşaq üçün dayə seçimi ciddi və çox qayğılı bir işdir. Çünki valideynin dayə seçimi uşağın inkişafı və onun emosional vəziyyəti üçün böyük əhəmiyyət kəsb edir. Ona görə də bir çox valideyn yaxınları və tanışları vasitəsilə dayə axtarışına çıxırlar. Bəziləri isə nəinki dayə, uşağı bağçaya belə göndərməyə çəkinirlər.
Aynur Əliyeva- şəhər sakini: “Bəzən görürürük ki, uşağı vururlar. Neçə dəfə televizorda da izləmişik. Bir o qədər yaxşı baxılmır. Yaxşı dayə tapmaq çox çətindir. Ona görə əmanət edə bilmirəm”.
Əvvəllər dayəlik o qədər də inkişaf etməmiş sahələrdən sayılırdı. Yaxşı, bacarıqlı və ən əsası isə diqqətli, məsuliyyətli dayə tapmaq çətin idi. Lakin son zamanlar ölkədə bu sahədə yeni mərkəzlər açılıb.
Göyçəkxanım Məmmədova- mərkəzin rəhbəri: “Biz gecə saat 12-yə kimi fəaliyyət göstəririk. Axşam saat 6-ya kimi yazılmaq şərtilə. Evdə baxan dayələrdən fərqimiz odur ki, bizdə kamera var. 7-24 çəkiliş edir. Qiymətlərimiz 1 saatı 8 manat, 2 saatı 16 manat, 3 saatı 20 manatdır. Tələbat var. Çünki valideynlərin çoxu həftədə 1 dəfə özünə istirahət vermək istəyir”.
Mövzunu araşdırarkən məlum oldu ki, çoxunun özbaşına, gəlir əldə etmək üçün məşğul olduğu bu peşənin əslində ixtisası var. Və bu sahəyə maraq göstərib dayəliyin təhsilini almaq istəyən də kifayət qədər insan var.
Ceyran İbrahimova- Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlim ustası: “2018-ci ildən etibarən bizdə dayə ixtisası fəaliyyətdədir. Və bura hər il demək olar ki, 60 nəfərdən çox tələbə qəbul olunur. Tələbələr də müəyyən bir dövr burada dərs keçdikdən sonra aprel ayından etibarən təcrübəyə gedirlər və onlar bunun nəticəsində uşaqlar ilə daha yaxşı təmasda ola bilirlər. Və bu işlə məşğul olanlara da tövsiyəmiz ondan ibarətdir ki, mütləq təhsil alsınlar, bu ixtisasa yaxşı yiyələnsinlər, daha sonra uşaqlarla işləməyə başlasınlar”.
Mütəxəssislərin fikrincə, dayəni işə götürərkən mütləq müqavilə bağlanmalıdır. Dayə seçimində ən optimal yaş 35-55 arasıdır. Dayənin uşaqla ünsiyyət qurma, dil tapmaq, onunla məşğul olmaq və oynamaq bacarığı önəmli hesab edilir. Həmçinin onun sağlamlıq durumu barədə də tibbi arayış tələb etməlidirlər.
Aişə Rzayeva
- Baxış: 256