• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 701
— 22.04.2024 18:25

Qiyməti ətdən baha olan qulançar

KepezTV Player

Yaz aylarında təbii bitən, xüsusilə də qida kimi istifadə edilən bitkilərə maraq çoxalır. Belə bitkilərdən biri də qulançardır. Əsasən dadı və tərkibinin zənginliyi ilə seçilən qulançar çoxlarının qida rasionunda xüsusi yer tutur.

Qulançar azyayılmış, qiymətli və çoxillik bitkidir. Zülalla ən çox zəngin olan tərəvəzlərdən sayılır. Aprel və may ayları bitkinin yığım vaxtıdır. Qulançar müalicəvi xüsusiyyətə malikdir, tərkibində “asparagin” və bir sıra vitaminlər – A, C, B1, B2 var.

Mənzər Məmmədova- ADAU-nun Bağçılıq kafedrasının dosenti: “Qulançarın kalorisi aşağıdır. Lakin zəngin kimyəvi tərkibə malikdir. O, ürəyin fəaliyyətinə gözəl təsir edir, qan təzyiqini aşağı salır. Bundan başqa böyrək xəstəliklərində - xüsusən sidikqovuculuq var. Oksalat turşularının dağılmasına birbaşa təsir göstərir. Padaqra-oynaqlarda duz yığılmasının qarşısını alır. Diabet -şəkər xəstəliyi riskini aradan qaldırır. Bu bitki bir yerdə 12-15 il məhsul verir. Lakin bu bitki gec məhsula düşür. Toxum ilə artırılanda 3- cü, 4- cü ildən məhsula düşür”.

Qulançar bitkisi əl ilə yığılır və 200-250 qramlıq dəstələrə bağlanılır. Tələbat çox, məhsuldarlığının az olması isə bitkinin qiymətinin yüksək olmasının əsas səbəblərindən sayılır. Bazarda qulançarın kiloqramının qiyməti 20 manata təklif olunur. Yəni ətdən də baha.

Namiq Şükürov- satıcı: “Qulançarı ən çox restoranlar istifadə edir. Çünki orada kütlə böyükdür, tələbat çox olur. Qiymətdən heç kim narazılıq eləmir. Evdə 5 nəfər varsa, 15 manat verib, 10 dəstə alırlar, aparıb yeyirlər. Qiyməti təxminən 15-20 manat arasında dəyişir. Hava yağışlı-çiskinli olanda onu yığmağa getmirlər. Çünki o, kolların arsında bitir. Kütlə çox gedib yığanda mal ucuz olur. Günə 150-200 dəstə satırıq. Bayramlarda Bakıdan bura qonaqlar gələndə 300-400 dəstə satırıq”.

Qulançara el arasında “quşqonmaz” da deyirlər. Əksəriyyətinin ağız dadına uyğun olan bu bitkidən hazırlanan yeməklərdən isə doymaq olmur. Qulançarın bişirilmə qaydasına gəlincə isə..

Mənzər İsmayılova- şəhər sakini: “Lobya kimi doğrayırsan, sonra yuyursan. Tavaya tökürsən. Bir az yağ aparır. 5 dəstəyə 50 qram su bəs edir. Ondan sonra soğanını, yağını vurursan. Zəif odda bişməyə qoyursan, görürsən artıq xup bişib, yağa düşüb, üzərinə yumurta vurusan. Adətən kişilər bunu restoranda yeyir, amma evdə özümüzün bişirməyimiz daha yaxşıdır”.

Turşu kimi də hazırlanan bu gəlirli bitkinin seleksiya sortları da yaradılıb və ölkəmizdə becərilməkdədir. Lakin bazarlarda əsasən təbii şəraitdə bitən qulançarları toplayıb satmağa üstünlük verirlər.

Aişə Rzayeva