• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1124
— 19.04.2024 20:02

Ofisiantlıq peşəsinə ciddi yanaşılmır

Azərbaycanda turizmin inkişaf etdirilməsi prioritet olaraq qarşıya məqsəd kimi qoyulub. Təbii ki, bu sahənin tərəqqisində xidmət sektoru böyük önəmə malikdir. Ancaq ictimai iaşə obyektlərində çalışanlar, daha sadə formada desək ofisiantlıq peşəsi hələ də Azərbaycanda az formalaşan sahələrdəndir. Bəs bu peşə niyə ləng inkişaf edir, niyə hər yoldan keçən ofisiant olaraq çalışa bilir, çıxış yolları üçün hansı addımlar atılmalıdır?

Əksər şəhər və rayonlarda, eləcə də turizm zonalarında kafe, restoran və otellər fəaliyyət göstərdiyindən ofisiantlıq peşəsinə tələbat böyükdür. Di gəl ki, bu sahədə təhsili olan, eyni zamanda ofisantlığı özünə peşə kimi seçənlərin sayı barmaqla sayılası qədərdir. Bu, həm mentalitet, həm də başqa səbəblərlə əlaqəlidir. Halbuki beynəlxalq təcrübədə həttə masa xidmətçisi kimi fəaliyyət göstərərək təqaüdə çıxanlar var.

Ceyhun Aşurov- turizm üzrə ekspert: “İctimai iaşə müəssisələrində daha çox rast gəldiyimiz masa xidmətçisi, yəni biz daha çox qarson və ofisiant deyirik, bu peşə ilə əlaqədar olaraq bəzən gənclərimiz buna ötəri bir peşə kimi, yəni bir iş tapa bilirik, müvəqqəti olaraq pul qazanma yolu kimi baxırlar. Amma xarici təcrübələrdə kifayət qədər nümunələr var ki, hətta 40-50 yaşlarında qarsonları görürük və onlar kifayət qədər peşəkar insanlardır, çox da ciddi gəlirlər əldə edirlər”.

Ofisiantlıq karyera üçün imkanlar yaradır

Məlumatsızlıqdan bu sahəyə dayanıqlı olmayan, müvəqqəti iş kimi yanaşanlar əslində yanılırlar. Çətinliklərə sinə gərib, səbrli olub ofisiantlığı yaxşı şəkildə mənimsəməklə karyera qurmaq da mümkündür.

Elmar Bağırov- otel meneceri: “Bu işin karyera tərəfi də var. İlk başlanğıcda heç bir şey bilməsə də, işçi sıfırdan təcrübəyə sahib olduqdan sonra məsələn, baş ofisiant, restoran meneceri, ümumi menecer ola bilər. Bu işə nə qədər məsuliyyətli yanaşılsa, bu iş karyera pilləsində yaxşı nəticələr verə bilər”.

Zərəngiz Hüseynova- ofisiant: “Bir neçə ildir ki, ofisiant işləyirəm. Məncə, karyera qurmaq, irəli getmək üçün yaxşı sənətdir. Çox insan bu peşəyə müsbət yanaşmır, amma burada öyrənəcək çox şey var. Yəni, turizmin hər sahəsini öyrənirsən. Məsləhət görərdim ki, bu peşədən çəkinməsinlər, ciddi yanaşsınlar. Gənclərimiz səbrsizdir, hər şeyi yarıda buraxırlar. Amma hədəfə çatmaq üçün bu işdə bir müddət tər tökməlidirlər”.

Təhsilli ofisiantlar yetişdirilir

Son bir neçə ildir ki, bütün peşələrin keyfiyyətini yüksəltmək üçün dövlət tərəfindən də bir sıra işlər həyata keçirilir. Fəaliyyət göstərən peşə məktəblərində tədrisin yaxşılaşdırılması, gələcəkdə işlə təminatın asanlaşdırılması baxımından atılan addımlar bəhs etdiyimiz ofisiantlıq sənətinə də aiddir.

Elnarə İsayeva- istehsalat təlimi ustası: “Məktəbimizdə tədris olunan turizm sahəsində iaşə üzrə mütəxəssis qrupunda sırf ofisiantlıq ixtisası var ki, 5 ilə yaxındır ki, tədris olunur. Bu peşənin gələcəkdə daha dərindən mənimsənilməsi üçün, praktiki biliklərə yiyələnməsi üçün biz müəllim və ustalar da çalışırıq ki, tələbələrimizə nəzəri biliklərlə yanaşı, praktiki biliklərə də yiyələnmələrinə köməklik edirik. Tələbələrimizi ofisiantlıq peşəsinə daha dərindən yiyələnmələri üçün, ixtisaslarının peşəkarı olmaları üçün biz də əlimizdən gələni edirik”.

Faiq Bayramov- tələbə: “Göygöl Peşə Məktəbində təhsil alıram. Bir neçə ildir ki, ofisiant işləyirəm və peşəmi davam etdirmək, bilik və bacarıqlara yiyələnmək üçün burada təhsil alıram. Təhsilimi bitirdikdən sonra öz işimə davam edib, bu işdə uğur əldə etmək istəyirəm”.

Aytən Bəşirova- tələbə: “Ofisiantlıq peşəsinə xanımlar bir o qədər də ciddi yanaşmırlar. Mən burada təsil aldığım müddətdə qazandığım bilik və bacarıqları gələcəkdə ofisiant işləmək istəyən xanımlara öyrətməyə çalışacam və bunun üçün də əlimdən gələni edəcəm”.

Ofisiantlıq peşəsinə ciddi yanaşılmır

Əlbəttə ki, bu sahədə çatışmazlıqlar varsa, çıxış yolları da mövcuddur. Mütəxəssislər ofisiantlıq peşəsini irəlilətmək üçün müəyyən işlərin görülməsini vacib hesab edirlər.

Ceyhun Aşurov- turizm üzrə ekspert: “İlk növbədə maarifləndirmə işi, gözəl nümunələr göstərilməlidir ki, insanlar beyinlərində olan o mənfi fikirləri aradan qaldırsınlar. Bizim peşə məktəblərinin özlərinin tədris prosesləri müəyyən qədər keyfiyyət olaraq artırılmalıdır. Düşünürəm bu işə peşə kimi yanaşan insanların sayı artdıqca, bu sahədə dərinləşən, kifayət qədər vəzifə olaraq yüksələn peşəkar insanlarımızın sayı da artacaqdır”.

İşlədiyi sahədən asılı olmayaraq hər kəs öz işinin peşəkarı olmalıdır, xüsusən də ofisiantlar. Çünki bu peşə sahibləri istər yerli, istərsə də əcnəbi qonaqlarda nəinki özü və işlədiyi yer, eyni zamanda ölkəsi, yaşadığı məkan haqda imic formalaşdırır. Təbii, göstərdiyi xidmətin keyfiyyətli olması ilə. Bu baxımdan sözügedən sektorun inkişaf etdirilməsi istiqamətində əməli tədbirlərin icrası əhəmiyyət daşıyır.

Orxan Cəfərzadə