Mütəxəssislər hesab edirlər ki, Ramazanda qidalanmaq önəmli olduğu qədər, Ramazandan sonrakı adaptasiya prosesində qida qəbulunu sağlam şəkildə təmin etmək vacibdir. Buna görə də qida rasionumuzu diqqətdə saxlamalıyıq. Həkimlərin məsləhəti də bu baxımdan faydalıdır.
Ramazan ayı boyunca qidalanmada olan müəyyən dəyişikliklər, gün ərzində 2 dəfə yeyilən yemək orqanizm üçün müəyyən metabolizm dəyişikliklərinə səbəb ola bilir. Buna görə də Ramazan ayı bitdikdən sonra mütləq qida rasionumuza diqqət etməli və müəyyən ardıcıllığı gözləməliyik.
Aygün Məmmədzadə- həkim: “Ramazan ayı artıq bitdi, insanlarımız gün ərzində aclıqla qarşılaşdığı müəyyən saatları mütləq müəyyən porsiyalarla doldurmalıdırlar. Və burda ən önəmli məsələ ilk öncə qida rasionunu düzgün saatlara bölmək lazımdır. Ən azından 6 dəfə qidalanmaq lazımdır. 3 ana yemək şəklində, 3 qəlyanaltılar şəklində yeyilməlidir. Eyni zamanda Ramazan ayı boyunca su qəbulunun azalması hesabına orqanizmdə su mübadiləsinin pozulmasının qarşısını almaq üçün və onun bərpası üçün mütləq gün ərzində maye qəbulunu artırmaq lazımdır. Ancaq bütün bunlar tədricən olmalıdır”.
Həkimin sözlərinə görə orucun təxminən 16 saata yaxın olması orqanizmin yenidən normal qida qəbulu rejiminə uyğunlaşma tələb edir. Proses mədə-bağıqsaq, ürək-qan damar sisteminə yük olmasın deyə asan həzmə gedən qidalara üstünlük verilməlidir. İnsanlar bu dönəmdə qidalanmalarına diqqət etməsələr bir çox xəstəliklər aktivləşə bilər, eyni zamanda bu, artıq çəkiyə səbəb olar.
Aygün Məmmədzadə- həkim: “Səhər yeməyi mütləq çeşidli və bol olmalıdır. Günorta yeməklərində mütləq quru və qızardılmış yeməklərdən çəkinmək lazımdır. Əsasən sulu və qatı yeməklərə daha çox üstünlük vermək lazımdır. Axşam yeməyində yenə də ağır yeməklərdən qaçmaq lazımdır. Yağlı, kalorili yeməklərdən müəyyən dövrlər ərzində ən azından Ramazan ayı bitdikdən 10-15 gün soraya qədər bu adaptasiyanı gözləməlidirlər. Gün ərzində lifli qidalara çox üstünlük verilməli, meyvə tərəvəzlər bol- bol yeyilməlidir, təbii ki, müəyyən porsiyalara bölünərək”.
Ramazan ayı ərzində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan zənglərin sayı da artıb. Müraciətlər daha çox mədə-bağırsaq problemləri, yüksək təzyiq və həzm sisteminin pozulması ilə bağlıdır. Ona görə də həkimlərin məsləhətlərini dinləməkdə fayda var.
Aişə Rzayeva
- Baxış: 231