• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1755
— 08.04.2024 20:09

Ağdaban faciəsindən 32 il ötür

KepezTV Player

Ermənilərin 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcərin Ağdaban kəndində törətdikləri qətliamdan 32 il ötür. 130 evdən ibarət kənd tamamilə yandırılıb. 779 nəfər dinc sakinə işgəncələr verilib, 32 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb. Şair Ağdabanlı Qurbanın və Dədə Şəmşirin əlyazmaları məhv edilib. Faciəyə ilk hüquqi-siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb. Faciə şahidləri başlarına gələnləri bizə danışıblar...

Mütəllim Hüseynov- Ağdaban sakini: “Bizim kəndə elə bir vəziyyətdə hücum oldu ki, camaat yuxudan təzə ayılmışdı. Hələ camaat bilmirdi ki, erməni bizim kəndə hücum edir. Biz evdə idik, bir güllə atılanda mənim atam gedib postu dəyişməli idi. Elə biz yerimizdən durmuşduq, ikinci güllə atılanda bizim pəncərədən içəri girdi. Atam bizim evlə üzbəüz “əsir düşən dağı” deyirlər, o dağa baxanda, dedi, ermənilər bizim kəndə hücuma keçib. Silahını-patronunu götürdü, evdən çıxdı, bizə də dedi ki, mən geri qayıdana qədər evdən çıxmırsız”.

Gülarə Hüseynova- Ağdaban sakini: “Kənd dağılır, çığırtıdan, güllənin səsindən inan ki, iraq üzdən itlərin ulaşmasından dünya dağılır. O qədər faciəli gündür ki, bəlkə də elə faciəni Azərbaycanda Xocalı yaşadı, bir də bizim kənd”.

Mütəllim Hüseynov- Ağdaban sakini: “İllər keçəcək, tarixlər keçəcək amma Ağdaban faciəsi Ağdaban faciəsini yaşayan insaların heç vaxt yaddaşından silinəsi bir faciə deyil, tarix deyil. Yəni o, elə bir tarixdir ki, o faciəni yaşayan insanlar ancaq ölüb gedəndən sonra yaddan çıxara bilər”.

Mütəllim Hüseynov- Ağdaban sakini: “Ermənilər bizim kənddə çox insanları qətlə yetirdi. Bir güllə ilə ata-bala - ata öz uşağını qucağına alıb qaçanda, erməninin atdığı güllə ilə ata-bala şəhid oldu. Bizim kənddə sindron xəstəsi vardı - Musa. Musanın əl-ayaqlarını bağlayıb, ot tayasında diri-diri yandırmışdılar. Hayat arvad oğlunun səsinə ermənilərin içinə gələndə, bizdə klub vardı, klubun divarına dirəyib, bir maqazin patronu arvadın bədəninə boşaltmışdılar”.

Canını xilas edənlər meşələrə qaçırdı. Düşmən atəşi burda da onları izləyirdi. Hələ yenicə yarpaqlamağa başlayan ağaclar Ağdaban sakinlərini gizlədə bilmirdi. Güllədən yayınmaq möcüzəyə çevrilmişdi. 

Gülarə Hüseynova- Ağdaban sakini: “Meşələrlə qaçdıq, getdik Bağırlı kəndinə çatdıq. Qalayçının yalı deyirik, ora çatanda mən uşaqları qaynatama verib dedim, sən uşaqları apar, mən qayıdıram, oğlun gəlməyib, gedim görüm necə olub? Kişi dizlərini yerə qoydu dedi, səni and verirəm Allaha, məni yetim əlində qoyma, səni də öldürəcəklər. Oğlum gedib ölüb, səni də öldürərlər, getmə”.

Mütəllim Hüseynov- Ağdaban sakini: “Biz bu gün Ağdabanın işğaldan azad olunduğu bir gündə biz Ağdaban soyqırımı haqqında danışırıq. Bir tərəfdən kədərli, bir tərəfdən də sevincliyik. O torpaqda kimlərin yanında böyümüşük, o insanlarımızı itirmişik. Biz gedib o torpaqlarda onlarsız necə yaşayacağıq? Amma qürurvericidir ki, biz gedib o torpaqda yaşamalıyıq. O torpağı gül-çiçəyə çevirməliyik.  Mənə bir də görürsən deyirlər ki, saçın ağarıb. Deyirəm mən Kəlbəcərə, Ağdabana qayıdandan sonra saçım qayıdıb qaralacaq. Bizi buralarda yaşamaq, gördüyümüz həyat yox, sadəcə bizi vətən həsrəti qocaltdı”.

Gülarə Hüseynova- Ağdaban sakini: “Ən çox mənim böyük oğlum tələsirdi getməyə. Alındı, alınanda o qədər sevindi ki, "Kəlbəcər alındı ana, gedəcəyik, ev tikəcəyik”. O qədər həvəsli idi ki, Kəlbəcər alınandan 1 ay sonra durduğu yerdə dünyasını dəyişdi. Şəhidlərin qanı tökülüb o torpaqlara, biz gedib o torpaqları bərpa eləməliyik. O şəhidlərin ruhu şad olmaq üçün getməliyik”.

Gedəcəklər, mütləq gedəcəklər. Acı xatirələri unutmaq mümkün olmasa da, o torpaqları gülüstana çevirərək qanın üzərinə su səpməyə gedəcəklər. 

Pərviz Cəlilov- Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi: “Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cənab Baş prokuror tərəfindən yaradılmış istintaq qrupu tərəfindən Ermənistanın azərbaycanlılara qarşı törədilmiş bütün hərbi təcavüz faktları, o cümlədən Ağdaban faciəsi ilə bağlı istintaq cinayət işi üzrə davam etdirilir və həmin işlərlə bağlı zərərçəkmiş şəxslərin dairəsi müəyyənləşdirilməklə onlarla münasibətdə və digər müvafiq istintaq hərəkətləri həyata keçirilmişdir”.

Vüsalə Cənnətova