• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 938
— 31.03.2024 18:55

Mobil telefonlara gələn saxta SMS-lər

KepezTV Player

Son vaxtlar sosial şəbəkələrdə saxta iş elanları yayaraq dələduzluq edənlər yeni metoda əl atırlar. Mobil telefona SMS vasitəsilə mesaj göndərməklə asan pul qazanmaq imkanına malik olmaq istəyirlər. Bunun isə hər iki tərəf üçün mənfi nəticələri ola bilər.

Azərbaycanın mobil operatorlarına məxsus nömrələrə oxşayan, əslində isə xarici ölkələrə məxsus saxta nömrələrdən vətəndaşlara iş təklifləri ilə bağlı həvəsləndirici mesajlar daxil olur. Demək olar ki, hər kəsin telefonuna belə iş elanları gəlib. Bunun real olduğuna inananlarla yazışamalar isə şəxsi məlumatlar və ya bank kartları üzərinə yönləndirilir.

Şəhər sakini: “Ətrafımda, çevrəmdə olan insanların da başına gəlib, Kartlarla bağlı daha çox işlə bağlı elanlar gəlibdir. SMS göndərib kartlarla bağlı, şifrəsini öyrənməyə çalışırlar”.

Şəhər sakini: “Çox tanışım var ki, belə mesajlar gəlir və mesajlara daxil olduqda, pul çıxarışı olub. Bu mesajlara girmək məncə, yaxşı şey deyil, çünki əsas məsələ onlar sizdən pul götürmək istəyir və ya şəxsi məlumatları oğurlamaq üçün göndərirlər”.

Şəhər sakini: “Tanışlara da gəlir, özümə də bəzən gəlir. İnanmaq məncə lazım deyil. Həm çox gəlir, həm də bir az araşdırsan saxta olduğu məlum olur. Girdikdə rəsmi görünüşdə olan başqa bir saytda girir. Məncə, rəsmi saytla da əlaqəyə keçib, bunu onlara bildirmək lazımdır. Belə saxtakarlar çoxdur”.

Şəhər sakini: “Bəli, mənə də belə SMS-lər gəlir, rəfiqələrimə də gəlir. Banklardan gəlir, iş təklifləri olur ki, bizdə iş var, gəlin sizə yaxşı maaş təklif edərik. Elə olduqda mən əhəmiyyət vermirəm. Başqalarına da məsləhət görmürəm, çünki aldadırlar. Hətta bizim qohumumuzun başına belə gəlmişdi. Kart hesabının nömrəsini vermişdi, içində nə qədər məbləğ var hamısı çəkilmişdi”.

Şəhər sakini: “Hətta anama da gəlibdir. Belə şeylərə aldanmamaq lazımdır. Özüm də şəxsən belə mesajlara fikir vermirəm, çünki hər biri yalan məlumatlardır. Məncə elə mesajdan başa düşmək olar ki, saxtadır. Çünki bütün bankların rəsmi səhifələri olur, bundan belə başa düşmək olar ki, saxtadır bu SMS-lər”.

Ekspertlər bildirir ki, bunun qarşısını almaq mümkünsüzdür. Çünki belə SMS-lər deşifrə olduğu üçün vətəndaşlar bilməlidirlər ki, artıq ölkəmizə qarşı xaricdən kiber hücum var və belə mesajlara aldanmamalıdırlar.

Seymur Bağırov- İT mütəxəssisi: “Bunlar viruslardır. İstifadəçilərə yönələn bir fırıldaq üsuludur. Xüsusi xakerlər tərəfindən hazırlanmış və bizim telefon şəbəkəmizə çökdürülmüş viruslardır. Bunun da əsas səbəblərindən biri də bizim telefonumuzda olan boşluqlardır. Nəticədə mobil tətbiqdə bank kartları açılır və bu yolla da kartlardan pullar çıxarılır”.

Bunun kimi qaynağı sağlam olmayan, tanınmış şirkətlər, banklar, mobil operatorlar bu işin arxasında durmadıqca, onların rəsmi saytlarından, rəsmi telefon nömrələrindən mesaj gəlmədikcə əhəmiyyət verilməməlidir. Bəs bu mesajların rəsmi olub-olmamasını necə yoxlaya bilərik?

Sadiq Xudaverdiyev- sosial media meneceri: “Son zamanlar belə sms-lər daha çox “Azərpoçt”un adından gəlir. Tələb edirlər ki, sizin adınıza bağlama gəlib, girin, təsdiq edin. Təsdiq et düyməsinə basdıqdan sonra orda sırf “Azərpoçt”un rəsmi səhifəsi kimi səhifə açılır və orda kart məlumatlarının əlavə olunması tələb olunur. Saytın adına oxşar sayt yaradırlar. Məsələn, “filan.com” əvəzinə “.net” ola bilər. Rəsmi səhifələrin özünə baxılmalıdır. Digər banklar vasitəsilə və ya digər təsdiq üçün sizə SMS-lər gəlirsə, bu, rəsmi deyil, qəti şəkildə”.

Mütəxəssislər bildirir ki, telefona xaricdən belə SMS daxil olan və onu bilməyərəkdən qəbul edən şəxsin telefonundakı danışıqların məlumatları da götürülə bilər. Lakin mobil cihazlara göndərilən SMS-dəki linkə keçərək müxtəlif səbəblərlə telefona zərərli fayl yüklənilərsə, təbii ki, bu halda yalnız zənglər deyil, digər şəxsi məlumatlar da oğurlana bilər.

Pərvin Abbaszadə