Azərbaycan Dövlət Aqrar Universitetində 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib. “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusuna həsr olunan tədbirdə fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi, mülki müdafiə sahəsində olan vərdiş və biliklərdən bəhs edilib. Tədbirin ardı olaraq şəhər Xəstəxanasında təbii hadisələr zamanı insanlara səhiyyə xidmətlərinin göstərilməsi istiqamətində atılmalı olan addımlardan danışılıb. 52 ildir qeyd edilən bu günün humanitar məqsədlər daşıdığı vurğulanıb. Azərbaycanda mülki müdafiə işinin təşkili istiqamətində görülən işlərin əhəmiyyəti qeyd edilib.
Tədbir Gəncə Avtomobil Zavodunda kompleks mülki müdafiə təlimləri ilə davam edib. Şərti təlimlər zamanı zavod ərazisində baş vermiş fövqəladə hadisənin aradan qaldırılması istiqamətində mülki müdafiə dəstələri və dövlət xidmətlərinin qarşılıqlı fəaliyyəti aparılıb. Zavodda baş vermiş fövqəladə hal istehsalat sahəsində güclü partlayışa və yanğına səbəb olub. Köməksiz qalan insanların xilas edilməsi üçün həyəcan siqnalı verilib. İlkin olaraq hadisə yerinə mülki müdafiə dəstələri, daha sonra aidiyyatı dövlət qurumlarının qüvvələri cəlb edilir. Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fəaliyyəti üzrə bilik və bacarıqlarının artırılması olub Eləcə də rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi diqqət mərkəzində olub. Qarşıya qoyulan məqsədlərə nail olunub.
Aişə Rzayeva
- Baxış: 244