Gəncə və Tovuz Gömrük İdarələrinin təşkilatçılığı ilə fəaliyyət zonalarına daxil olan xarici ticarət iştrakçıları ilə görüş keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin 32 illik fəaliyyətindən bəhs edilib, əldə edilən uğurlardan və nailiyyətlərdən danışılıb. Daha sonra gömrük sahəsində yeni istifadəyə verilən “Smart-Bot” mobil tətbiqi, Avtomatlaşdırılmış Risk Analiz Sistemi və Səlahiyyətli İqtisadi Operator layihələrinin təqdimatı keçirilib. Görüşdə idxal və ixrac əməliyyatlarında qarşıya çıxan məsələlər müzakirə edilib, Gömrük İnkişaf Modeli barədə məlumat verilərək tətbiq edilən yeniliklərin bu sahədə önəmləri vurğulanıb. Eyni zamanda xarici iqtisadi fəaliyyətin mal nomenklaturası tövsiyə sisteminin yenilikləri və istifadəsi qaydaları iştirakçıların diqqətinə çatdırılıb. Gömrük əməliyyatlarının asan və sürətli şəkildə reallaşdırılmasının faydalarından bəhs edilib. Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində sahibkarlar üçün nəzərdə tutulan bölmələr və onlardan istifadə qaydaları videotəqdimatlar əsasında izah olunub. Sonda xarici ticarət iştrakçılarının sualları cavablandırılıb, problemləri və təklifləri dinlənilib.
İdris İbrahimov- sahibkar: “Söylənən problemlərimiz dərhal operativ şəkildə yerində həll olunur. Bu da bariz nümunələrdəndir ki, bu gün keçirilən görüş həm maarifləndirmədir, həm də birbaşa gömrük orqanları ilə görüşdür. Hansısa bir problemimiz varsa, dilə gətirə bilirik, yerində həllini tapır və ya onu həll etməkdən ötrü hansısa bir addımlar görülür”.
İlkin Zeynalov- sahibkar: “Son dövrlərdə gömrük sahəsində aparılan islahatlar sahibkarların işlərində müsbət təsirini göstərib. Əsasən ARAS sisteminin tətbiqindən sonra sərhəd keçid, rəsmiləşdirmə surətləndirilmişdir və bu da əməliyyat xərclərinin azaldılmasına gətirib çıxarmışdır”.
Pərviz Qədirov- Gəncə Gömrük İdarəsinin rəisi: “Gəncə və Tovuz Gömrük İdarələrinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində keçirilən görüşün əsas məqsədi xarici iqtisadi fəaliyyət iştirakçılarına yaradılan imkanların müzakirəsi, gömrük biznes münasibətlərinin möhkəmləndirilməsi, son dövrlər gömrük sistemində tətbiq edilən yeniliklər barədə onların məlumatlandırılması həmçinin gömrük rəsmiləşdirilməsi zamanı qarşıya çıxan məsələlərin müzakirəsidir və inanıram ki, bugünkü tədbir maraqlı və faydalı keçmişdir”.
Pərvin Abbaszadə
- Baxış: 163