Gəncədə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə-2”də, “Xocalı soyqırımı” abidəsinin önündə təşkil olunub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və Xocalı sakinləri iştirak ediblər. Vurğulanıb ki, Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. Əsir və girov götürülərək amansız işgəncələrə məruz qalan 1275 nəfərdən 150 nəfərin taleyi bu günədək naməlum olaraq qalır. Mərasim iştirakçıları “Xocalı soyqırımı” abidəsinin önünə gül dəstələri qoyub, faciə qurbanlarının xatirəsini yad ediblər.
Saat 17-də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhərin küçələrində nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.
- Baxış: 154