• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1676
— 26.02.2024 18:39

Siyasətdə yeni oyunçulara qarşı mübarizə

KepezTV Player

Ötən əsrlərdə bir sıra güc sahibi dövlətlər Asiya, Avropa, Cənubi Amerika, xüsusilə də Afrikada özlərinə aid olmayan torpaqları zəbt edərək həm xalqın əməyini, həm də təbii sərvətlərini mənimsəyərək müstəmləkəçilik siyasəti həyata keçiriblər. Düzdür, müasir dövrdə əksər ölkələr müstəqilliyini elan etsələr də, hələ də az da olsa böyük dövlətlərin koloniyası olanlar var. Eyni zamanda 21-ci əsrdə yeni müstəmləkə yaratmaq istəyən güclər ortaya çıxıb. Ancaq Azərbaycan xarici siyasətində bununla mübarizədə mövqeyini ortaya qoyub.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik. Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar”.

Növbədənkənar prezident seçildikdən sonra Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində əsas fəaliyyət istiqamətlərindən danışarkən neokoloniolizmlə mübarizəyə xüsusi toxunması lazımi dairələrə mesaj kimi qiymətləndirilə bilər. Çünki son zamanlar ölkəmizə qarşı bəzi xarici qüvvələr məqsədli şəkildə məkrli planlar qururlar və bu da təbii ki, qəbulolunan deyil. Ona görə də dövlət siyasətinin yeni mərhələsində neokoloniolizmə qarşı mübarizə prioritetlərdəndir və Azərbaycan bu yöndə addım atan öncüllər sıradadır.

Elşad Mirbəşiroğlu- millət vəkili: “Neokoloniolizm bu gün dünya xalqları, müstəqil dövlətlər üçün çox ciddi təhlükələr yaratmaqdadır. Bəlli dairələr müstəqil dövlətlərin müstəqil siyasətlərini qəbul etmək istəmirlər. Azərbaycan çox azsaylı dövlətlərdəndir ki, yalnız öz milli maraqları çərçivəsində tam müstəqil siyasət həyata keçirməkdədir. Bununla bərabər Azərbaycan neokoloniolizmə qarşı ayrıca bir platformanı yaradan ölkələrdəndir. Yəni, məhz bu istiqəmətdə ilk təşəbbüs də Azərbaycandan gəlmiş oldu”.

Son 5-6 ay ərzində neokolonialistlərə ən bariz nümunə Fransanı göstərmək olar. Bu ölkə Ermənistanla sülh yolundakı işimizə aşkaranə şəkildə əngəl yaradaraq sabitliyə mane olur.  Ancaq ölkəmiz regionda söz sahibi olduğundan, bütün proseslər diqqətdən kənarda qalmır.

Tural İsmayılov- siyasi şərhçi: “Neokoloniolizm bəlası əsla 21-ci əsrin qayda-qanunlarına sığmayan bir yanaşmadır. Təəssüflər olsun ki, bu gün beynəlxalq hüquqdan və insan haqlarının vacibliyindən danışan dövlətlərin bir çoxu Fransanın neokolonialist siyasətinə etiraz etmirlər. Bu gün dünyanın bir çox ölkələri neokolonialist imperializmə qarşı səs çıxara bilməzkən, Azərbaycan neokoloniolizmə qarşı mübarizənin önündə yer alır, qlobal təşəbbüs qrupunun lideridir. Bu gün bizim üçün fəxredici bir haldır ki, Fransanın neomüstəmləkəçiliyinə etiraz edilən bölgələrdə bu gün Azərbaycan bayraqları da dalğalanır”.

Neokoloniolizm, eləcə də islamafobiyaya qarşı mübarizə müstəqil dövlətlərin qorunmasında vacib rol oynayır. Qlobal təhlükəsizlik istiqamətində Azərbaycan da önəmli addımlar ataraq dünyada, ələlxüsus da regionda hər hansı yeni müstəmləkəçinin formalaşmasına izin verməyəcək. Necə ki, bu günədək həm ölkəmizdə, həm də işğaldan azad etdiyimiz ərazilərdə sabitliyi qorumuşuq, bundan sonra da hər hansı xarici müdaxilələr olsa belə bizə aid olan anklavları, sərhədlərimizi müəyyənləşdirərək bu yöndə var gücümüzlə mübarizə aparacağıq.

Orxan Cəfərzadə