Ötən il Azərbaycanda yeni doğulan uşaqların sayı 2022-ci illə müqayisədə 10 min nəfər azalaraq 112 min olub. 2023-cü ildə ölkəmizdə təbii artım 52 min 470 nəfər təşkil edib. Sonuncu dəfə bu aşağı göstərici, pandemiya vaxtı - 2021-ci ildə qeydə alınıb.
Bir neçə il öncə toylara qoyulan qadağa, nikahların sayına təsir eləmişdi. Bu da özünü doğulan uşaqların sayında biruzə vermişdi. Əhalinin artım tendensiyası aşağı düşmüşdü. Amma pandemiyadan 4 il keçməsinə baxmayaraq, rəqəmlər yenidən aşağıdır. Sosioloqlar bunun bir neçə səbəbinin oldunu söyləyir.
Şəhriyar Quliyev- sosioloq: “Birinci təsir ondan ibarətdir ki, bizdə ailələrin qurulması, dağılması bu gün gündəmdədir. Boşanma halları çox dəhşətli dərəcədə artıb. Mən baxdığım vaxt 35 faizi keçmişdi. İkinci bunu belə demək olar ki, maddiyyatla əlaqələndirirlər. Deyirlər ki, guya maddi imkanlar aşağıdır. Ona qalsa, I Qarabağ müharibəsi dövründə maddi imkanların aşağı olmasına baxmayaraq, çoxuşaqlı ailələrimizin sayı çox idi. Bir də bir səbəb deyim. Bugünki gənclər rahatlıq axtarırlar. Çox uşaq istəmirlər. 1-2 uşaqla kifayətlənirlər. Özlərinin can rahatlığı üçün bunu edirlər”.
Göründüyü kimi, əhalinin artım tempinin aşağı düşməsinin kökündə müxtəlif səbəblər dayanır. Bu isə gələcəkdə yarana biləcək problemlərin siqnalıdır. Çünki belə davam eləsə, təxminən 10 ildən sonra başqa mənzərəyə şahidlik edəcəyik.
Rafiq Abbasov- iqtisadçı: “Əsasən də kadr çatışmazlığı yaradacaq. Bu kadr çatışmazlığı iqtisadiyyatın istənilən sferasını əhatə edə bilər. Bu təhsildə də olar bilər, hərbidə də, səhiyyədə də ola bilər. Bu da öz növbəsində xaricdən buraya mütəxəssislərin gətirilməsini şərtləndirə bilər. Bu da bizə daha baha başa gəlib, fərqli məqam yarada bilər. Əlavə olaraq gələcək inkişaf üçün nöqsana çevrilə bilər”.
Problemin həllində cəmiyyətin maariflənməsi, işçilərin gəlirliliyinin artması və dövlətin stimullaşdırıcı dəstək tədbirləri xüsusi vurğulanır. Bu arada qeyd edək ki, Gəncədə 2022-ci ildə 2883 uşaq dünyaya gəldiyi halda, ötən il bu rəqəm 8 faiz azalaraq 2648 olub.
Aişə Rzayeva
- Baxış: 127