Ölkədə ilk dəfə olaraq Şəmkirdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən Çadır tipli Səyyar Fitosanitar Laboratoriyası qurulub. Məqsəd, bitkilərdə xəstəliklər və onu yaradan amillərin öyərənilməsidir.
Çadır tipli Səyyar Fitosanitar Laboratoriyasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları bitkilərdən nümunələr götürərək analizlər aparıblar. Bitkilərin yerli istixana şəraitinə uyğunluğu öyrənilir, xəstəliklərə dözümlülüyü yoxlanılır. Laboratoriyada həmçinin bitkilərə ziyan vuran həşəratlar, gənələr, alaq otları və onların toxumları, göbələk, virus, bakteriyaların müayinələri də həyata keçirilir.
Tünzalə Qocayeva- AQTİ-nun Analitik Ekspertiza Mərkəzinin müdiri: “Vahid sağlamlıq prinsiplərinə uyğun olaraq heyvan xəstəliklərinin, yolxucu xəstəliklərin nəzarətdə saxlanması, profilaktikası, eyni zamanda bitki və torpaq sağlamlığının təmin olunması və qida təhlükəsizliyi istiqamətində mühüm işlər görülür”.
Eləcə də laboratoriyanın fəaliyyəti regionlarda müxtəlif zərərli orqanizmlərin yayılması riskini azaldır, qısa müddətdə yolxucu xəstəliklərin aşkarlanmasına imkan yaradır.
Tünzalə Qocayeva- AQTİ-nun Analitik Ekspertiza Mərkəzinin müdiri: “Bütün bu işləri həyata keçirmək üçün laboratoriyamızda yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Eyni zamanda laboratoriya müayinələrin aparılması üçün dəqiq cihazlarlar, düz və bioloji mikroskoplar və s. digər cihazlarla da təchiz olunmuşdur”.
Fitosanitar laboratoriya kənd təsərrüfatı məhsullarının ətraf mühit zərərvericiləri və bitki xəstəliklərinin törədicilərinin vaxtında aşkarlanmasına imkan yaradır. Səyyar laboratoriya kifayət qədər nümunənin üzərində sınaqların aparılmasına imkan verir. Nəticələr isə bir neçə dəqiqədən bir neçə saata qədər məlum olur.
Çadır tipli Səyyar Fitosanitar Laboratoriyanın bir çox üstünlükləri var. Belə ki, bu laboratoriyanı respublikanın istənilən ərazisində qurmaq olur. Bununla da həmin ərazidə analizləri aparmaq mümkündür.
Elnur Vahidoğlu
- Baxış: 128