Xaricə tələbə göndərən şirkətlərin sayı yetəri qədər çoxdur. Bəzi hallarda onlar bu işi tək attestatla həyata keçirirlər. Amma önəmli bir fakt var ki, xarici ölkələrə tələbə qəbulu xidməti göstərən şirkətlərin heç birinin Təhsil Nazirliyi ilə bağlantısı yoxdur. Onlar rəsmi lisenziya almayıblar, sadəcə olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçib, xidmət göstərirlər.
Aytən Quliyeva- TKTA- nın şöbə müdiri: “Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhil sahəsində, eləcə də xarici diplomların tanınmasına dair heç bir fiziki şəxs və yaxud şirkətlə əməkdaşlıq etmir. Eləcə də onların fəaliyyətinə görə heç bir məsuliyyət daşımır. Hər bir vətəndaş diplomunu tanıdan zaman Təhsildə Keyfiyyət Təminatı Agentliyinə elektron olaraq müraciət etməlidir. Bunun üçün digər 3-cü şəxsə və yaxud hər hansı xaricdə təhsil sahəsində çalışan şirkətlərə müraciət etməli deyil”.
Amma sonda Təhsildə Keyfiyyət Təminatı Agentliyinə edilən müraciət ürəkaçan olmur. Çünki təhsil verən ali məktəbin diplomu Azərbaycanda tanınmır. Muhammedali Verdiyev də belə şirkətlərdən birinin qurbanı olan məzunlardandır. O, 4 il boyunca Polşada təhsil alıb. Sonda isə Azərbaycana tanınmayan, keçərsiz olan diplomla qayıdıb.
Muhammedali Verdiyev- məzun: “Polşada Varşava şəhərində Visus universitetində İT ixtisasını ötən il bitirmişəm. Ora bilmədiyim bir şirkət üzərindən qəbul olmuşdum. Bitirdikdən sonra ölkəyə gəldim. Sonra mənə məlumat verdilər ki, diplom burada keçərli deyil. İndiki gənclərə tövsiyəm odur ki, daha yaxşı araşdırsınlar, daha etibarlı şirkətlər üzərindən qəbul olsunlar”.
Gəncədən də xaricə tələbə olmaq üçün şagird göndərən şirkətlərin sayı az deyil. Onların da mövzu ilə bağlı fikirlərini öyrəndik. Göndərdikləri şəxslərin təhsil aldıqları universitet diplomlarının Azərbaycanda tanınması ilə maraqlandıq.
Şahruz Tağızadə- şirkət rəhbəri: “Tələbə ilkin olaraq bizə müraciət edir, hansı sahəni seçdiyi imtahansız və yaxud imtahanla getdiyini müraciət edir və biz də ona uyğun hər zaman üstünlük verib seçirik. Bitirdikdən sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınan universitetlər olsun, tanınan ixtisaslar olsun ki, bitirib gəldikdən sonra bunlar Azərbaycanda işlə təmin oluna bilsinlər”.
Kənan Veyisli- şirkət rəhbəri: “Şərtlərimiz əsas odur ki, 11-ci sinfi bitirməli və qanunvericiliyə əsasən qəbul xidmətlərini apara biləcəyimiz əsaslar olmalıdır ki, biz o qəbulu tam şəkildə yerinə yetirə bilək. 2-ci müqavilə qarşılıqlı olaraq vətəndaşla bizim aramızda olur və o müqavilənin şərtləri fərqlidir və o müqavilə əsasında da biz o qəbul prosesini həyata keçirdək. Diplomu tanınmayan universitetlər var ki, ölkələrdə biz onlarla çalışmırıq. Ona görə də elə neqativ halımız olmayıb”.
Ekspert Rövşən Hüseynov isə deyir ki, bu gün daha çox Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyənlər xaricə üz tuturlar. Seçim isə adətən Türkiyə, Gürcüstan və Rusiya olur.
Rövşən Hüseynov- təhsil eksperti: “Bəzi xarici təhsil xidməti göstərən şirkətlər valideyn və abituriyentlərin məlumatsızlığından istifadə edərək, onları bu formada təhsil almağa yönəldirlər. Bəli, həmin universitetlər Azərbaycan tərəfindən tanınır, ixtisas ölkəmizdə tanınır, amma təhsil alma forması bizim normativ hüquqi aktlara uyğun olmadığı üçün onların diplomları tanınmır. Onlar unutmamalıdır ki, universitetin ölkəmizdə rəsmi tanınması onun təhsil alma formasının da tanınması demək deyil. Qiyabi təhsil alanlar azı 15 gün, əyani təhsil alanlar isə 90 gün semestr ərzində həmin ölkənin ərazisində olmalıdırlar. Əgər tələbənin semestr ərzində təhsil aldığı müddət bundan az olarsa, diplomun tanınmasında imtina halı yaşanır”.
Odur ki, xaricdə təhsil almaq istəyənlər müraciət etdikləri şirkətin onlara təqdim etdiyi şərtləri yüz ölçüb, bir biçməlidirlər ki, sonradan diplomları əllərində qalmasın. Çünki düzgün seçim etməyən 100-ə yaxın tələbənin yanvar ayında diplomu ölkəmizdə tanınmayıb.
Aytən Quliyeva- TKTA- nın şöbə müdiri: “Yanvar ayı ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ümumilikdə 626 müraciət daxil omuşdur. Onardan 531-i haqqında müsbət qərar verilərək, həmin şəxslərə müvafiq şəhadətnamələr təqdim olunmuşdur. 95 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Mənfi qərarlar tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 76, dövlət nümunəli olmayan diplom üzrə 8, təhsil forması üzrə 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 5, bakalavr diplomu üzrə imtina verilməsi səbəbilə 1, tədris yükü üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb”.
Mütəxəssislər deyir ki, xaricdə təhsil almadan əvvəl tələbələr universitetin beynəlxalq reytinq sırasında yer tutmasını, təhsil alacaqları ixtisasın ölkəmizdə faktiki prioritet ixtisas siyahısında olmasını yaxşı araşdırmalıdırlar. Həmçinin həmin ixtisasın müvafiq əmək bazarında nə dərəcədə təlabatlı olmasını diqqətdə saxlamalıdırlar.
Aişə Rzayeva
- Baxış: 152