İnnovasiyalar, texnoloji inkişaf bütün dünyada olduğu kimi, Azərbaycanda da vacib əhəmiyyətə malikdir və dövlət siyasətinin əsas qollarından birini təşkil edir. Bu haqda Prezident İlham Əliyev də andiçmə mərasimdə xüsusilə danışaraq qeyd edib ki, ölkəmizin müasir dövrlə ayaqlaşması üçün daim dəyişimə diqqət yetirilməlidir. Həmçinin kadr hazırlığı mühüm prioritet olmalıdır.
Bütün sahələrdə uğur qazanmaq üçün texnoloji inkişaf önəmli rol oynayır. Azərbaycan son illər hərbi sahədə əldə etdiyi nailiyyətlərin böyük qisminə məhz ordunun arsenalına əlavə edilən müasir texnoloji avadanlıq sayəsində yiyələnib. Buna Vətən müharibəsi zamanı düşmənin kabusuna çevrilən “Bayraktar”, “Harop” və digər texniki vasitələri misal göstərmək olar. Ordumuz canlı qüvvə, texnikalarla yanaşı qarşı tərəfə sarsıdıcı zərbələri həmin bu pilotsuz uçuş aparatları və çağdaş texnologiyalar vasitəsilə həyata keçirdi və dünya hərb tarixində yeni bir səhifə açdı.
Ədalət Verdiyev- hərbi ekspert: “Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri əlində olan bütün silah sistemlərinin imkan və potensialını istifadə edərək, ilk növbədə 5-ci nəsil müharibənin tətbiqini keçirməyə nail oldu. Azərbaycan tərəfin kütləvi PUA tətbiqi ilə həyata keçirilən ilk uğurlu müharibənin müəllifi oldu. Sonrakı müddətdə isə təbii ki, Azərbaycan düşmən təxribatlarına cavab verməklə yenə də türk ordu modelinə keçiddən əldə etdiyi müsbət nəticələrlə düşməni ikinci dəfə kapitulyasiya aktı imzalamağa vadar etdi”.
Azərbaycan bundan başqa süni intellekt, kibertəhlükəsizlik və bu kimi leksikonumuza daxil olan texnoloji yeniliklərə də son zamanlar xüsusi diqqət ayırır. Eyni zamanda ölkəmizin 3 peyki var və beynəlxalq kosmik klubun üzvü olaraq bir sıra konqres və təbdirlərə ev sahibliyi etmişik. Qarşıya qoyulan məqsədlərin ən başında gələn sahələrdən olan İKT gələcəyə böyük inam yaradır.
Şamo Salayev- ATU-nun innovasiya mərkəzinin direktoru: “İKT dedikdə birinci şərt avtomatlaşdırmadır, uzaqdan idarə edilmədir. Əgər biz uzaqdan idarə edilməsi mümkün olan laboratoriya avadanlıqları, cihazlar, innovativ texnoloji aspektə olan avadanlıqlar, robotexnologiya, məsələn, işğaldan azad etdiyimiz ərazilərdə böyük təhlükələr var, - mina təhlükəsi, ekoloji terror təhlükəsi var. Bunun qarşısını almaq üçün yüksək texnologiyalardan məsələn, dron, süni intellekt texnologiyalarından istifadə etmək lazım olur. Bilirsiniz ki, artıq bizdə Dron Akademiyası deyilən anlayış da var ki, bu, bizim gələcəyimizin daha əmin, daha sağlam olmasını əsaslandırır”.
Təbii ki, texnoloji inkişaf kadr hazırlığından birbaşa asılıdır. Ölkə rəhbərliyi də buna diqqət çəkərək qarşıdakı illərdə mütəxəssislərin yetişdirilməsini, yüksək səviyyəyə çatdırmağı öhdəlik kimi qoyub.
Məntiq Cəfərov- ATU-nun kafedra müdiri: “Azərbaycan Texnologiya Universiteti informasiya texnologiyaları istiqamətində kadr hazırlığı ilə məşğul olan yeganə ali təhsil ocağıdır. Son illər cənab prezidentin çağırışına cavab olaraq universitetimizdə akademik biliklərdən yox, praktiki vərdiş və bacarıqlara xüsusi önəm verilir. Buna görə sənaye müəssisləri ilə əlaqələr gücləndirilib. Düşünürəm ki, cənab prezidentin çağırışına layiqincə cavab verəcəyik və ölkə iqtisadiyyatının tərəqqisi və inkişafı üçün əlimizdən gələni edəcəyik”.
Müasir innovasiyaların həyata keçirilməsi, yeni texnologiyaların tətbiqi Azərbaycanda 2021-ci ildə müəyyənləşdirilən və 10 ili əhatə edəcək sosial-iqtisadi inkişafa dair proqram çərçivəsində beş milli prioritetdən biridir. Buna görə yaxın gələcəkdə ölkəmizin iqtisadi, hərbi, aqrar, elm və bu kimi vacib sahələrdə yeni nailiyyətlərə imza atacağı gözləniləndir və texnoloji istiqamətdə yerinə yetiriləcək layihələr Azərbaycanın bütün dünyaya səs salmasına şərait yaradacaq.
Orxan Cəfərzadə
- Baxış: 144