• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 677
— 18.02.2024 19:46

Azərbaycan Prezidenti Münhendə bir sıra görüşlər keçirib

KepezTV Player

Münhendə Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti Helqa-Mariya Şmidin görüşü olub. Prezident İlham Əliyev artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğunu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığını diqqətə çatdırıb. Sülhün əldə edilməsinin və sülh müqaviləsinin imzalanmasının çox real olduğunu vurğulayan dövlətimizin başçısı regionda de-fakto sülhün mövcud olduğunu bildirib. COP29-a sədrliyin Azərbaycana verilməsi prosesinin Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və kompromis şəraitində reallaşmasının özünün bütövlükdə müsbət bir addım olduğu, bu dinamikanın davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin, tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini də vurğulayıb.

Prezident İlham Əliyev ilə Münhen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin görüşü də keçirilib. Kriştof Xoysqen Münhen Təhlükəsizlik Konfransının Katibliyi olaraq Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğulayıb. Bu təklif dövlətimizin başçısı tərəfindən məmnunluqla qəbul edilib. Prezident İlham Əliyev qeyd edib ki, hazırda COP çərçivəsində üçlük mexanizmi yaradılıb ki, bu, Birləşmiş Ərəb Əmirliklərini, Azərbaycanı və Braziliyanı bir araya gətirir.

Prezident İlham Əliyev ilə Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburqun də görüşü olub. Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən bərpaolunan enerji layihələri haqqında məlumat verib. Bunların, ilk növbədə, milli və regional səviyyədə layihələr olduğunu deyib, bu xüsusda, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsi və Xəzər dənizində Azərbaycanın bərpaolunan enerji potensialının 157 qiqavatdan artıq olduğu, ölkəmizin yaxın müddətdə yaşıl enerji ixracatçısı olacağı qeyd edilib və bütün bunlar müsbət addım kimi qiymətləndirilib.

Prezident İlham Əliyev Bundestaqın Xristian-Demokrat / Xristian-Sosialist İttifaqı fraksiyasının üzvü Armin Laşet ilə də görüşüb. 

Vüsalə Cənnətova