• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 679
— 15.02.2024 20:00

Gənclərin depressiya problemi

KepezTV Player

Bütün ölkələrdə əsasən gənc insanlar depressiyadan əziyyət çəkir və Azərbaycan da istisna deyil. Ələlxüsus da imtahan öncəsi və sonrakı dönəmdə depressiya psixi əzab verir və ən adi, gündəlik vəzifələrini yerinə yetirmək qabiliyyətinə mənfi təsir göstərir.

Əsəb, gərginlik, iştahsızlıq, yorğunluq və digər bu kimi əlamətlər, əmək qabiliyyətinin kəskin şəkildə azalması, özünə və yaxınlarına zərər verən depressiyadan da qaynaqlanır. Bakalavr və magistr olmaq istəyənlər üçün bu hal daha da aktual hesab edilir. Çünki tələbə olmaq istəyi gəncləri daim gərginlikdə saxlayır. 

Məhbubə Sabirli- psixoloq: “Magistr və bakalavra imtahan verən tələbələr imtahan nəticələri əgər pis olursa, yaxşı nəticə verə bilmirlərsə və bunun sonunda nəticə olaraq depressiyaya girə bilirlər və depressiya əlamətləri necə olur? Özünəqapanma, evə qapanma, evdən çölə çıxmama, insanlarla, ailə üzvləriylə, dostlarıyla ünsiyyətdə olmama, iştahsızlıq, ancaq yatmaq istəmək halı, heç bir fəaliyyət göstərməmək halı”.

Gənclər imtahanlardan gözlədikləri nəticəni toplamadıqda artıq bu, onlarda depressiv hal əmələ gətirir. Bu amil müəllimlər və valideynlərin üzərinə böyük məsuliyyət qoyur. Çünki övladlarını depressiya halından çıxarmaq üçün valideynlərin, o halı yaşamaması üçün isə müəllimlərin rolu vacib sayılır. 

Vaqif Quliyev- tələbə: “Yaxşı nəticəni məndən gözləyən çox insan var və arada olur ki, biz imtahanlarda iştrak edirik, ola bilər bizim nəticələrimiz az gələ bilər. Bu, bəzən olur ki, məni və ya mənim tanıdığım yoldaşlarım var onları ruhdan salır, onların depressiyaya düşməsinə səbəb olur. Məndə də belə bir hal oldu, bir az pis oldum ki, yəni istədiyim nəticəni verə bilmədim”.

Akşin Bəhramlı- tələbə: “Az nəticə topladıqda bəzi hallarda hər bir insan kimi mən də ruhdan düşürəm. Lakin bu hallarda müəllimlərim olsun, ailəm olsun, yoldaşlarım olsun mənə yaxından dəstək verirlər depressiyaya düşməmək üçün. Bunun özü də mənə böyük bir motivasiya verir”.

Fatimə İsmayılova- tələbə: “İmtahan sonrası çox uşaqlarda olduğu kimi depressiv hallar olur. Bu da məndə də özünü göstərir. İnsanın bəzən özündən də asılı olmur ki, depressiyaya düşür və bu, bəzən dərslərdə də problemlər yaradır. Dərsdən geriyə qalma, uşaqlarda özünəqapanma da olur. Belə hallarda biz həqiqətən də çox dərsdən geri qalırıq, dərslərə diqqət verə bilmirik. Məncə, heç kim ruhdan düşməməlidir, bu zaman valideynlər də, ətrafı da, dostları depressiyaya düşməsinə imkan verməməlidir”.

Elxan Zeynalov- tələbə: “Mənim özüm depressiyaya düşdükdə daha çox qapanıqlığa məruz qalıram. Öz fikirlərimlə, öz düşüncələrimlə qalmağı daha çox seçirəm. Amma əlbəttə ki, bu, o qədər də yaxşı seçim deyil. Ən yaxşısı bu depressiyanı həll etməyin yolu valideynlərlə danışıb, bu çətinliyin üstəsindən gəlmək olar”.

Psixoloqlar bildirir ki, depressiyanın yüngül forması zamanı psixoterapiya vasitəsilə müalicə mümkündür. Lakin orta və ağır depressiya zamanı dərmanlarla müalicə təyin edilməlidir. Ən əsası isə valideynlər bu məsələdə övladları ilə daim ünsiyyətdə olmalıdır.

Məhbubə Sabirli- psixoloq: “Ümumiyyətlə tələbələrə məsləhət görərdim ki, düşünməsinlər ki, ancaq imtahan oldu, bizim pis nəticəmiz oldusa həyat bitdi. Onların həyatı əslində qarşıdadır və yenidən imtahan verə bilərlər. Hər şeyi yenidən etmək olar. Heç nə bir imtahanla bitdi demək deyil. Ondan əlavə çalışsınlar dostlarıyla, ailə üzvləriylə ünsiyyətdə olsunlar”.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə depressiya 15-29 yaş aralığındakı insanlarda ağır nəticələrə yol aça bilər. Maraqlıdır ki, depressiya bəzi gənclərdə neqativ təsirlə yanaşı, pozitiv təsir də göstərə bilər. Bütün hallarda gənclərdə depressiyanın əlamətlərini hiss etdikdə ilk növədə mütəxəssislərə müraciət etmək tövsiyə olunur.

Pərvin Abbaszadə