• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 667
— 11.02.2024 18:40

Magistr olmaq istəyənlər imtahan verib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib. Magistraturaya qəbul imtahanı Gəncə də daxil olmaqla respublikanın 7 şəhər və rayonunda təşkil edilib. Ümumilikdə Gəncədə imtahan 6 binada baş tutub. İmtahanı izləmək üçün prosesə 96 nəzarətçi müəllim və 15 imtahan rəhbəri cəlb edilib. İmtahanda isə təxminən 1300-dən çox bakalavr iştirak edib. İştirakçılar onlara verilən 3 saat 30 dəqiqə ərzində məntiq, informatika və xarici dildən sualları cavablandırıblar. İmtahan nəticələri isə 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri haqqında məlumat veriləcək. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra  6 həftə ərzində təqdim ediləcək. Dövlət İmtahan Mərkəzi tərəfindən verilən məlumata əsasən isə respublika üzrə imtahanda iştirak üçün 19 725 bakalavr ərizə təqdim edib. 1 nəfər iştirakçının üzərində mobil telefon aşkarlanıb. Bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub. Hər iki qayda pozuntusu ilə bağlı araşdırma aparılır.

Alik Əliyev- imtahan rəhbəri: “Bizim binada 279 nəfər bakalavr iştirak etməli idi. Onlardan da 3 nəfəri gəlmədi. Bu magistratura imtahanlarında tətbiq olunan yeniliklərdən biri də odur ki, bakalavrlar könüllü olaraq xarici dil fənnindən esse yazırlar. İlk dəfə olaraq magistratura imtahanında bakalavrlar çıxanda sual kitabçalarını apara bilirlər”.

Elmir Süleymanov- iştirakçı: “Çətin sual informatikadan idi. Bilən üçün asan idi. Bilməyən üçün isə çətin idi”.

Elnur Vahidoğlu