Azərbaycan Prezidenti İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92.12 faizini toplayaraq qələbə qazanıb. İlham Əliyevə 4 milyon 567 mindən çox vətəndaş səs verib. Bu barədə Mərkəzi Seçki Komissiyasının seçkilərin yekunları ilə bağlı keçirilən iclasında məlumat verilib.
Növbədənkənar prezident seçkilərində seçici fəallığı 76, 43 faiz olub. Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərinin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı məsələni təsdiqləyib.
Namizədlərin topladığı yekun səslər məlum olub
Növbədənkənar prezident seçkilərində digər namizədlərin də topladığı yekun səslər məlum olub. Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 2,17 faiz; Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 1,99 faiz; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 1,72 faiz; Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - 0,80 faiz; Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,66 faiz; Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev - 0,54 faiz səs yığıb.
MSK bir neçə məntəqədə seçkilərin nəticələrini ləğv edib
MSK-dan o da bildirilib ki, aparılan araşdırmalar zamanı bir neçə seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən pozuntular aşkar edilib. 41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsinin 38 saylı, 61 saylı Qusar Seçki Dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsinin 2 saylı, 77 saylı Lənkəran Seçki Dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş Seçki Dairəsinin 6 saylı, 99 saylı Bərdə Seçki Dairəsinin 2 saylı, 114 saylı Şəki Şəhər Seçki Dairəsinin 1 saylı, 115 saylı Şəki Kənd Seçki Dairəsinin 6 saylı seçki məntəqələrinin nəticələri ləğv edilib və həmin seçki məntəqələrinin komissiyaları buraxılıb.
- Baxış: 124