Basketbol üzrə Azərbaycan çempionatında çıxış edən Gəncə Basketbol Klubu son 4 oyunda qələbə qazanmaqda çətinlik çəkir. Bu isə öz növbəsində hər oyununda komandaya dəstək olan azarkeşləri üzməyə bilməz. Nizami Yurdunun təmsilçilərinin uğursuz çıxışının səbəbini komandanın baş məşqçisi Bedri Meriçdən öyrəndik.
Gəncə basketbolçuları əzmkarlıq nümayiş etdirsələr də, matçların sonlarına yaxın təşəbbüsü əldən verirlər. "Sarı-göylər"in qış fasiləsindən sonra "Sabah", "Xəzri", "NTD-İndiqo" və "Xırdalan" ilə keçirdiyi oyunlarda müşahidə edilən mənzərə belədir. Düzdür, rəqiblər turnir cədvəlinin üst pillələrində yer alan güclü komandalar olub.
Bedri Meriç- baş məşqçi: “Güc olaraq fərqimiz var. Ancaq bu, bəhanə olmamalıdır. Hər 3 qarşılaşmada yaxşı oyun nümayiş etdirdik. Yaxşı basketbol oynadıq. Əfsuslar olsun ki, təcrübəli xarici oyunçumuzu zədə səbəbindən itirdik. Yaxşı oyunçumuzu itirdik. Ondan sonrakı hər 3 matçda hesabda önə də keçdik. Düşünürəm ki, bərabər oyun nümayiş etdirdik, amma matçların sonunda yenildik. Bundan sonrakı matçlarda ümid edirəm ki, əvəzini çıxacağıq”.
Komandanın heyətində vaxtı ilə milli komandanın aşağı yaş qruplarının tərkibində çıxış edən yerli basketbolçular da yer alır ki, onlar da özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Bedri Meriç uğursuzluğun səbəbi kimi bəzi basketbolçuların təcrübəsizliyinə işarə edir.
Bedri Meriç- baş məşqçi: “Elə bizim buraya gəlmək səbəbimiz də Azərbaycan basketboluna öz töhfəmizi vermək istəyidir. Elə ilk vəzifəmiz də gənc oyunçular yetişdirməkdir. Öz övladım da Azərbaycan vətəndaşı oldu. U-16, U-18 milli komandalarda yer aldı. Onlar komanda yoldaşıdırlar. Uşaqları yetişdirməyə çalışıram. Ötən 3 – 4 ay ərzində də onlar haqda müsbət fikirlər eşidirik. Ancaq qeyd etdiyim kimi, nəticə də əldə etmək lazımdır”.
Çempionatda komandalar artıq play-off mərhələsində çıxış etmək uğrunda mübarizə aparır. Bu məğlubiyyətlər isə Gəncə kollektivinin play-offa yüksəlmək şansını azaldıb.
Bedri Meriç- baş məşqçi: “Biz play-off üçün əlimizdən gələni etməyə çalışırıq. Qarşıda öz meydanımızda oynayacağımız 3 matçımız var. Onlar bizim üçün çox vacibdir. Qələbə qazanmağa çalışacağıq. Play-off üçün var gücümüzlə mübarizə aparacağıq”.
Gəncə Basketbol Klubu aktivindəki 16 xalla turnir cədvəlinin 9-cu pilləsində mövqe tutub. Onu siyahıda sonuncu pillədə qərarlaşan Şəki kollektivi izləyir. Gəncəlilərin növbəti rəqibi fevralın 10-da Sərhədçi klubu olacaq. Ardından çempionatda milli komandanın çıxışları ilə əlaqədar fasilə yaranacaq. Mart ayında isə Gəncə Basketbol klubu Azərbaycan kubokunda mübarizəyə start verəcək.
Ramin Paşayev
- Baxış: 223