Tariximizi öyrənmək, eyni zamanda təğlib etmək baxımından abidələrimiz mühüm rol oynayır. Onun üçün də qədim tikililərimizi qorumaq çox önəmlidir. Bu iş dövlət tərəfindən yerinə yetirilsə də, zamanla əlçatmaz məkanlarda yerləşən və dağıntıya məruz qalan tikililərimiz az deyil. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunan Daşkəsəndəki albanlara aid Müqəddəs Tərcüməçilər Monastrı da bərpaya ehtiyac duyulan abidələrimizdəndir.
Daşkəsənin Quşçu kəndindəki monastra getmək elə də asan başa gəlmədi. Müəyyən yerə kimi yolsuzluq avtomobili ilə, daha sonra 1.5 km-ə yaxın piyada məsafə qət etməklə abidənin yerləşdiyi əraziyə çatmaq mümkün oldu. Dəniz səviyyəsindən təxminən 1500 metr yüksəklikdə yerləşən məbədin 487-ci ildə tikildiyi deyilsə də, 9-cu əsrə də aid edilir.
Bəxtiyar Məhərrəmov- tarixçi: “Kilsənin tikinti quruluşuna görə şəxsi təəssüratım budur ki, bunun 5-ci əsrin 80-ci illərində olma ehtimalı bir az aşağıdır. Yəni 11-12-13-cü əsrlərə aid ola biləcək bir kilsədir. Buranın alban kilsəsi olmasına şübhə yoxdur, niyə? Birincisi ona görə ki, burada olan xaçlar, işarələr, simvollar albanlarındır. Xaçın özünün gül kimi olmasıdır, yəni erməni xaçları daha həndəsi formada olur. O daha başqa bir formadır. Biz Bayan kilsəsində çəkilişdə olarkən bunun şahidi olmuşuq”.
Tikilinin adı da müəyyən fikir yürütməyə əsas verir. Müqəddəs Tərcüməçilər Monastrı adlandırılması buranın çoxşaxəli fəaliyyətindən xəbər verir.
Bəxtiyar Məhərrəmov- tarixçi: “Kilsədən təkcə ibadət məqsədi üçün deyil, təsərrüfat, fəaliyyət, yazmaq-oxumaq, müxtəlif məqsədlər üçün istifadə olunurdu. Ola bilsin ki, 19-cu əsrdə də bu kilsədən bu məqsədlə istifadə olunub və ona görə adını Müqəddəs Tərcüməçilər Monastrı qoyublar”.
Ayrı-ayrı rəngdə daşlardan, eləcə də tikilinin içərisinin suvanmasından görünür ki, burada müəyyən təmir işləri görülüb. Bunun üçün kilsənin 3 mərhələdə tikildiyi ehtimal olunur. Günbəzli olan bölmənin ilk dövrdə inşa olunması ehtimalı böyükdür. Həmçinin içərisindəki tağlardan, müxtəlif növ tikinti daşlarından görmək olur ki, məbəd 3 hissədən ibarətdir.
“Bu abidənin Göygöl və Daşkəsən ərazisində yerləşən digər abidələrdən əsas fərqli cəhətlərindən biri odur ki, burada müəyyən dövrlərdə bərpa işləri aparılsa da, çox az sayda sütunların yerləşdirilməsi müşahidə olunur. Bu da onu deməyə əsas verir ki, bərpa işləri aparılsa da, abidənin ənənəvi görkəmini pozmamaq üçün bu addım atılıb”.
İnvertar nömrəsi 211 olan ölkə əhəmiyyətli abidədə əsas diqqətçəkən məqam tikilinin hazırda qəzalı vəziyyətdə olmasıdır. Tarixi abidənin divarlarının bəzi hissələri uçub. Bu da monastrın görkəminə və tarixiliyinə xələl gətirir.
Qalib Nəcəfov- bələdçi: “Abidəmizin uçan, eroziyaya uğrayan yerləri var. Abidəmizin təmir-bərpaya ehtiyacı var. Ona görə ki, abidəmizə turistlər gəlir. Dövlətimizdən, nazirliyimizdən xahiş edirəm ki, abidəmizin bərpasına diqqət yetirsinlər. Abidə yaxşı görkəmdə olarsa, bura gələn turistlər evlərinə xoş təəssüratla qayıdarlar. Dostlarına, yaxınlarına deyərlər ki, filan rayonda belə bir abidə var, gedib, onu ziyarət etməyə dəyər”.
Bu günədək alban abidəsinin 10 və 19-cu əsrlərdə iki dəfə bərpa edildiyi güman olunur. Ancaq müasir dövrdə məbədin qədim memarlıq üslubuna uyğun restavrasiya edilməsi məqsədəuyğun hesab edilir.
Abidə dövlət tərəfindən qorunaraq bu günədək gəlib çıxsa da müəyyən dövrlərdə burada dağıntılar yaşanıb. Onun üçün də tikilinin bərpası vacib məsələlərdəndir. Ən əsası da əgər gələcəkdə yenidən bərpa olunarsa, turizmimizə yeni bir tarixi abidə qazandırmış olarıq.
Orxan Cəfərzadə
- Baxış: 97