Gələn həftə ölkəmizdə növbədənkənar prezident seçkiləri baş tutacaq. Seçim hüququna malik bütün vətəndaşlar, o cümlədən yaşı 1 əsrdən çox olan ahıllar da seçkidə öz istədikləri namizədlərə səs verəcəklər.
Peykər nənə Göygöl rayonunun Murovdağ qəsəbəsində yaşayır və 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsinin ən yaşlı seçicisidir. 104 yaşlı Peykər Mirzəyeva əslən Kəlbəcərdəndir. Gümrahlığı ilə diqqət çəkən Peykər nənə, prezidentliyə namizədlərin efir müraciətlərini izlədiyini və müəyyənləşdirdiyi insana səs verəcəyini deyir.
Peykər Mirzəyeva- seçici: “Televizora baxıram, namizədləri də görürəm. Onların kəlmələrini də bir-bir götürürəm, danışıqlarına da fikir verirəm. Mən də seçim eləyirəm. Allah mənə ömür versin, gedim doğma torpaqlarımıza, oranı ziyarət eləyim, orada da öz səsimi verim”.
Eyni seçki dairəsinin daha bir uzunömürlüsü Tükəz Xıdırovanın 100 yaşı var. O da Kəlbəcərdən didərgin düşənlərdəndir. Bu günədək bütün seçkilərdə səsvermə hüququndan istifadə etdiyini deyən Tükəz nənə, bu dəfə də qeydiyyatda olduğu seçki məntəqəsinə gedərək səs verəcəyini deyir.
Tükəz Xıdırova- seçici: “100 yaşım var. Hər seçkidə də iştirak eləmişəm. Yenə gedəcəm, yenə iştirak edəcəm. Yeriyə-yeriyə gedib, səs verib, gələcəm”.
Göygölün Üçtəpə kəndinin sakini Səringül Süleymanova da rayonda yaşı 100-ü haqlayanlardandır. Deyir, sağlamlığı imkan versə seçki məntəqəsinə gedəcək, əks halda daşınan qutu vasitəsilə səsvermə hüququndan istifadə edəcək.
Səringül Süleymanova- seçici: “Seçkilərə getmişəm. İştirak eləmişəm. İndi qocalmışam, ağırlaşmışam - yeriyə bilmirəm. Bu dəfə səsimi yeriyə bilmədiyimə görə evdə verəcəm, aparıb salsınlar”.
100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsində 100 və daha yuxarı yaşlı 5 nəfər qeydiyyatdadır. Bundan başqa 80 yaşdan yuxarı 1320 nəfər növbədənkənar seçkilərdə prezidentini seçəcək. Artıq dairə üzrə seçkilərlə bağlı hazırlıqlar başa çatmaq üzrədir və məntəqələrin əksiyyətində işlər tamamlanıb.
Aytən Mahmudova- 100 saylı DSK-nın aparıcı məsləhətçisi: “Yeni məntəqələrimiz var. Onlara xüsusi treyninqlər keçiririk. 13 məntəqəmizdə veb-kameramız var. Onlardan 9-u Göygöldə, 5-i isə Daşkəsən rayonundadır. Kameralarımız tam şəkildə təchizata uyğundur. Dairə seçki komissiyası üzrə işlərimiz artıq başa çatmaq üzrədir. Məntəqə seçki komissiyalarında bildirişlərin paylanması, qeydiyyatdan çıxma vərəqələrinin verilməsi, daşınan qutuların təşkil olunması təmin edilib. Yaşlı seçicilərimiz var. Onlara öz ərizələri əsasında daşınan qutu təşkil olunub. Seçki günü məntəqə seçki komissiyalarında həmin seçicilərə daşınan qutuları aparacaqlar və onlar da öz səslərini verəcəklər”.
3 rayonu əhatə edən seçki dairəsi üzrə qeydiyyatda olan səsvermə hüquqlu vətəndaşların sayı 52168 nəfərdir. Onlardan 32901-i Göygöl, 17047-si Daşkəsən, 2220 nəfər isə Kəlbəcər sakinləridir.
Orxan Cəfərzadə
- Baxış: 115