• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1269
— 22.01.2024 20:11

Könlü balıq istəyənlər...

KepezTV Player

"Hansı ayın adında "r" hərfi varsa, o ayda balıq yemək olar", kimi bir deyim formalaşıb. Düzdür, bu ruslardan gələn bir fikirdir. "R" hərfi "rıba"ya işarədir. Azərbaycanda isə balıq mövsümü adətən sentyabrın sonlarından başlayır və qida rasionunda balıq önəmli bir yer tutur. Biz də ay adında "r" hərfinin mövcudluğunu davam etdirdi bir vaxtda balıqların qiyməti, keyfiyyəti və tələbatla maraqlandıq.

Sudak, taxta, xanı, sazan və ağız dadına uyğun digər növdə olan balıqlar bu gün piştaxtalarda boldur. Gəncədəki satış məntəqələrinə üz tutan könlü balıq istəyənlər bu imkanı boşa verməyərək, istədikləri balıqdan istədikləri çəkidə əldə edirlər. Haşiyə çıxaraq deyək ki, balığa tələbat yetərincə böyükdür. Buna rəvac verən amillərdən biri isə qiymətdir. Qiymətlərin heç də baha olmaması alıcıların əllərini ciblərinə salmasına əsas verir. Növündən asılı olaraq kq-ı 1-8 manat arası təklif edilən balıqların daha çox sümüyü az olanlarına üstünlük verilir.

Vaqif Qurbanov- satıcı: “Bahalı balığımız 7-8 manatdır. Ondan baha balığımız yoxdur. Ağ balığın böyüyü 8 manata da var, balacası 4 manatdır. Keçən il dəhşət baha idi. Yekə sudaklar 15-16 manat idi. İndi 7-8 manata satırıq”.

Faiq Məmmədov- satıcı: “Bizdə hazırda ağ balıqlar var. Sudak balıqlarıdır.  7-13 manat arası satırıq. Qiymətlər iriliyinə-xırdalığına görə dəyişir. Bizdə xanı, sazan, belamur, farel balıqları da var. Qiymətlərdə də 1 manat fərq var. Alıcı da var, şükür satırıq. Kürdən də, Mingəçevirdən də gəlir”.

Təbii ki, burada diqqət çəkən məqamlardan biri də balığın təzə olması və el arasında deyildiyi kimi göl balığı olmamasıdır. Ona görə satıcılar işlərini məhz axarsulu olan hövzələrdən balıq ovlayanlarla görürlər. 

Natiq Mərdanov- balıqçı: “Özüm də gedirəm, özüm də balıq həvaskarıyam. Bu balıqlar orada işçilər var, onların əli ilə tutulur, gətirilir, satış olur. Hava ilə əlaqədar küləkdir, soyuqlar olur, balıq zəif gəlir. Tələbat var, alıcı da gəlir. Biz də gətiririk”.

Qiymət və bolluq alıcılara ağız dadına uyğun seçim etmək imkanı yaradır. 

Rüfət Əliyev- alıcı: “Yaxşı balığın qiyməti yaxşıdır. Köhnələrin də qiyməti məlumdur. Kürün sazanı var 7-8 manata, o biri sazanlar isə 6 manatdır”.

Əhliman Pənahov- alıcı: “Balıqlardan sazan, taxta, karp bütün balıqlardan var. Hamısı da yeməlidir, qiymətlər də uyğundur, razıyıq, yaxşıdır”.

Qoşqar Rəhimov- alıcı: “Vəziyyət yaxşıdır, ucuzu da var, bahası da var, alırıq. Xırda, taxta balıq qəşəng də balıqdır, tamlıdır. Bişməyi də yaxşıdır”.

Balığı sentyabr ayından may ayınadək yemək məsləhət görülür. Ancaq peşəkar balıqçılar deyirlər ki, balığı ilin 12 ayında yemək olar. Sadəcə, "r" hərfi olmayan isti yay aylarında balığı təzə-təzə, tutan kimi yemək lazımdır.

Elnur Vahidoğlu