20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə Gəncədə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib. Şəhidlər Xiyabanında təşkil olunan anım mərasimdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri “Əbədi məşəl” abidəsini ziyarət edib, önünə əklil qoyub, şəhidlərin ruhuna hörmət və ehtiramlarını ifadə ediblər, şəhidlərin ruhuna dualar oxunub. Bütün respublika ərazisində olduğu kimi, saat 12-də Gəncədə də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər vasitəsilə siqnallar verilib.
Əliağa Səfərəliyev- məktəb direktoru: “Əminəm ki, tarix nə qədər addımlayırsa addımlasın, bu tarixi biz xalqımıza yaşadacağıq. Əsl həqiqəti nəsillərdən-nəsillərə ötürəcəyik. Bu müstəqilliyimizə gedən yolun başlanğıcıdır. Amma bu gün əvvəlki illərdən fərqli olaraq qalib ölkənin vətəndaşları kimi qeyd edirik. Həmin şəhidlərin qisası alınan bir anım günündəyik biz”.
Arifə Əhmədli- müəllimə: “Qoca demədən, yaşlı demədən, Sovet ordusu əliyalın Azərbaycan xalqının üzərinə güllələr yağdırdı. Biz bu gün üçün, bu azadlığımız üçün həmin günləri, o qarlı-şaxtalı günləri qanlarını torpağımıza qatan şəhidlərimizə borcluyuq və şəhidlərimizi təkcə bu gün yox, biz bütün illər yad edirik. Allah bütün şəhidlərimizə rəhmət etsin”.
Nəsibə Hacıyeva- müəllimə: “19- axşamından 20-nə keçən gecə biz səmada güllələrin necə hərəkət etdiyini öz gözlərimizlə gördük. 20-si günü artıq bütün Bakı demək olar ki, həyatda iflic vəziyyətinə gəlib çatmışdı. Bu hadisələr zamanı bütün Bakı şəhərində telekommunikasiya xətləri sıradan çıxmışdı, televiziya işləmirdi. Bu gün biz hər bir Azərbaycan vətəndaşının borcudur ki, istər 20 Yanvar hadisələrinin, istər ondan sonrakı ta günümüzə qədər olan şəhidləri heç vaxt unutmayaq”.
Pərvin Abbaszadə
- Baxış: 92