ADA Universitetinin Gəncədə nə vaxtdan fəaliyyətə başlayacağı məlum olmasa da, seçim aparılacaq ixtisaslar bəllidir. Filiala ilkin olaraq kənd təsərrüfatı, heyvandarlıq və qida sahələri üzrə tələbə qəbulu aparılacaq.
Asəf Ömərov- ADA Universitetinin müəllimi: “Hal-hazırda ADA Universitetinin Gəncədə filialının açılması planlaşdırılır. Çünki region tələbələri üçün Bakı həyatı daha bahalı başa gəldiyi üçün, ADA Universitetinin də regionlarda açılması planlaşdırılır. Bu ayrıca bir universitet kimi yox, filial kimi fəaliyyət göstərəcək. Əsasən qida və kənd təsərrüfatı üzrə mütəxəssislər hazırlanacaq. Gəncə şəhəri elə regionda yerləşib ki, ətrafında da daha çox kənd təsərrüfatı ilə məşğul olan rayonlardır. Buna görə burada daha çox mütəxəssislərin olmasına, xüsusən də bu regiondan olmasına üstünlük veriləcək”.
ADA Universitetində yeni filialın açılmasında əsas məqsəd aqrar sahə üzrə mütəxəssislərin hazırlanmasıdır. Açılan ixtisaslara olan tələbat da burada nəzərə alınıb.
Sahil Quliyev- ADA Universitetinin müəllimi: “Nəzərdə tutulmuş dərslərin müəyyən bir hissəsinin Gəncədə keçirilməsi nəzərdə tutulur. Bu, tələbələrin həm regionları görüb, aqrar sahəni daha yaxşı başa düşməsi üçün və aqrar sahənin gələcəkdə bunlar üçün nələr vəd etdiyini görmək üçün Gəncə şəhərində də bizim yeni bir filialın, nümayəndəliyin açılması nəzərdə tutulmuşdur ki, həm tələbələr regionlarımızı görsünlər və eyni zamanda təhsillərini Bakı şəhərində davam etdirsinlər. Bu yeni yaradılmış məktəb həm İtaliya, həm Azərbaycan mütəxəssisləri tərəfindən birgə əmələ gəlmişdir. Və tələbələr burada təhsil aldıqdan sonra müəyyən bir proqramlar çərçivəsində İtaliyanın Baloniya universitetində və yaxud dünyanın digər universitetlərində təhsillərini davam etdirə bilərlər”.
Bakıda İtaliya-Azərbaycan Universitetinin təməlinin qoyulması ADA Universitetinin imkanlarını bir qədər də artıracaq. Bu, müxtəlif sahələr üzrə yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsinə xidmət edəcək. O cümlədən Gəncədə.
Asəf Ömərov- ADA Universitetinin müəllimi: “ADA Universiteti İtaliya universiteti ilə birgə yeni ixtisaslar, fakültələr açır. Bunlar da əsasən qida sahəsi, kənd təsərrüfatı və heyvandarlıq sahəsi üzrə mütəxəssislər hazırlayacaqdır. Əsrlərlə təcrübəsi olan Baloniya universiteti və ADA universitetində olan mükəmməllik, dürüstlük bunlarla birləşdikdə ümidvaram ki, Azərbaycan, həmçinin dünya bazarı üçün çox gözəl mütəxəssislər hazırlayacağıq”.
Sahil Quliyev- ADA Universitetinin müəllimi: “Bizim universitetin əməkdaşlığı tək İtaliya universiteti ilə deyil, gələcəkdə də başqa universitetlərlə də əməkdaşlığı nəzərdə tutulur. Bunun da üzərində artıq işlər başlayıb. ADA Universitetini bitirmiş hər hansı tələbə, dünyanın istənilən bir universitetində təhsilini davam etdirə bilər və ADA Universitetinin verdiyi təhsil artıq ona kifayət qədər şərait yaradır ki, həmin tələbələr başqa ölkələrdə təhsillərini davam etdirə bilsinlər”.
Gəncədən öncə isə ADA Universitetinin Qazax Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə yer alan ixtisaslara gəlincə…
Asəf Ömərov- ADA Universitetinin müəllimi: “Qazax filialı bildiyiniz kimi, Firidun bəy Köçərli ənənəsinin davamıdır. Və Firidun bəy Köçərli o dövrdə Qazaxda ziyalılara daha çox ehtiyac duyulduğu üçün, orada Müəllimlər Seminariyası açmışdır. Bir növ ADA Universiteti keçmiş ənənələrə öz sadiqliyini göstərərək, həmin məktəbi yenidən qurmuşdur. Və hal-hazırda orda kənd təsərrüfatı üzrə yox, müəllimlərin formalaşması üçün fakültələr fəaliyyət göstərir”.
ADA Universiteti ilkin olaraq Gəncədə bakalavr təhsili üzrə kadr hazırlığı aparsa da, gələcəkdə magistr tələbələri üçün də ixtisasların yaradılması nəzərdə tutulur.
Aişə Rzayeva
- Baxış: 605