Hər bir tələbənin qaşısında duran əsas vəzifə dərslərində yüksək nəticə əldə etmək, öz ixtisasına yiyələnib, gələcəkdə yaxşı mütəxəssisə çevrilməkdir. Tələbələrin təhsil göstəriciləri isə heç şübhəsiz onların imtahan nəticələri ilə ölçülür. Semestr sonunda əla qiymətlər almaq üçün də imtahanlara maksimum güclə hazırlaşmaq lazımdır. Bu məqamda diqqətçəkən məsələ dərs vəsaitlərinin olub-olmamasıdır. Elə həmin minvalla da yola çıxaraq, Gəncədəki universitetlərin kitabxanalarına üz tutduq.
Ayşən Əhmədova- GDU-nun Elmi Kitabxanasının müdiri: “Universitetimizin kitabxanası zəngin kitabxanalardandır. Bizim 4152 elektron kitabımız, 350485 nüsxəli kitab fondumuz var. 7 mindən çox tələbələrimiz var, kitablarımız da hər bir tələbəyə çatır. Ümumiyyətlə tələbələrimiz təkcə imtahan sessiyasında deyil, elə tədris ili başlayanda müəllimlərin onlara verdikləri ədəbiyyat siyahılarına uyğun kitabxanalara müraciət edirlər. Müraciətlər isə 2 formada olur. Tələbələrin çoxu kitabların elektron versiyasını istəyirlər, bəziləri isə kitabları çap formasında istəyirlər. Hətta elə tələbələrimiz də olur ki, kitabxanamızın email adresinə virtual sorğu göndəririlər”.
Alimə Qurbanova- ATU-nun Elmi Kitabxanasının müdiri: “Universitetimizin kitabxanası universitet yaranan tarixdən, yəni 1970-ci ildən yaranıb. Zəngin kitab fondu var. Təxminən 208 min kitab, jurnal var. Fondumuzda 6 min nüsxəsi latın əlifbası ilə olan dərsliklərimizdir. Bundan başqa kiril ədəbiyyatımız da var. Amma o qədər istifadə olunmur, artıq. Bundan başqa, müəllimlərimizin 320 mühazirə mətnləri var. Bunların elektron versiyası, yəni diskləri var. İnternet zalımızda tələbələr disklərdən istifadə edə bilirlər. Olmayan və çətin tapılan kitabların “PDF” formasını köçürmüşük, tələbələr ondan da istifadə edirlər”.
İbrahim Qasımov- ADAU-nun əməkdaşı: “ADAU-nun mərkəzi kitabxanası mühəndislik fakültəsinin birinci mərtəbəsində yerləşir. Burada 650 mindən çox dərslik, 6000-ə yaxın elektron dərslik var. Bundan əlavə qeyd edim ki, universitetimizin digər korpuslarında da kitabxanalar mövcuddur və buradan da tələbələrimiz istifadə edilər”.
Universitetlərin zəngin kitab fondunun olması sevindiricidir. Lakin əsas məqam həmin kitabların dövrün tələblərinə uyğun olması və əlçatanlığıdır. Yəni dərsliklərin tələbələr üçün yetəri sayda olması. Bunu isə ən yaxşı tələbələrdən öyrənə bilərik.
Namiq Muradov- tələbə: “4-cü kurs tələbəsiyəm və bu 4 il ərzində mütəmadi olaraq kitabxanamızın istər kitab, istər internet resurslarından istifadə edirəm. İndiyə kimi axtardığım kitablar içərisində kitabxanamızdan demək olar ki, hamısını tapmışam. Düzdür, internet resurslarından da müəyyən qədər yararlanmağımız olur, amma əsasən universitetimizin kitabxanasından daha çox yararlanırıq”.
Xədicə Əzizli- tələbə: “Mən 2-ci kurs tələbəsiyəm. Semestr vaxtı, imtahana hazırlaşmaq üçün bu kitabxanadan istifadə edirəm. Keçən il – 1-ci kursda da istifadə etmişdim. Həm elektron variantlarını, həm də kitabların özlərini. Bu kitabxanadan istədiyim hər şeyi tapa bilirəm. Bura zəngindir. Mərkəzi kitabxanaya da müraciət etmişdim. Amma mənim ixtisasıma uyğun olan kitabları burdan tapa bilmədim”.
Bəzi tələbələr isə dərs vəsaitlərini internet resurslarından əldə edirlər. Onların sözlərinə görə, onlayn kitablar vaxta qənaət baxımından daha yaxşı vasitədir.
Tələbə: “Bizə sualları deyirlər, özümüz tapırıq. Sosial şəbəkələrdən, müəyyən konspektlərdən. Vaxtımız olmadığı üçün telefonlardan istifadə edirik. Kitabxanaya getmək üçün vaxt olmur”.
Tələbə: “1-ci kursdayam. 2-ci imtahanımdır. Özümüz axtarıb, internetdən tapırıq. Saytlardan tapıb, oxuyuruq. “PDF”-dən oxuma səbəbimiz, daha tez və rahat əldə etdiyimiz üçündür”.
Tələbə: “Əsasən telefondan oxuyuruq. “PDF”-dən əldə edirik. Həm asan olur, həm öyrənmək rahatdır. Kitab da çoxdur, adamın başı ağrıyır, öyrənə bilmir. Ona görə ən yaxşısı telefondan, “PDF”-dən oxumaqdır. İnternetdən istifadə edərək, artıq 2 imtahan vermişəm. İkisi də uğurlu olub, keçmişəm”.
Tələbə: “Daha tez olan əlbəttə ki, “PDF”-dir. Sualların cavabını daha rahat tapıb, araşdırıb, yaza bilirik”.
Baxmayaraq ki, universitetlər müəyyən dərsliklərin “PDF” formasını da hazırlayıb, amma tələbələrin əksəriyyəti kitabla ünsiyyəti daha rahat hesab edir. Elə bu üzdən də son seçim kitabxana zalı olur.
Turanə Bədəlova- tələbə: “Telefonla daha çox fikrim yayınır. Amma kitablar vasitəsilə bu, daha uyğun olur bizə. Növbəti imtahanımız xətti cəbrdir və biz kitabxanadan bəzi ədəbiyyat nümunələri var ki, müəllimlərimiz tövsiyə edib, onları götürüb, yararlanırıq. Bəzi vəsaitləri tapmayanda isə kompüter resurslarından əldə edirik”.
Ayət Ağayev- tələbə: “ATU-da kompüter mühəndisliyi üzrə 1-ci kursda təhsil alıram. GDU-nun tələbə şəhərciyində yaşayıram. Burada məskunlaşmışam. Universitetin burada kitabxanası faəliyyət göstərir. İmtahan prosesində bizə lazım olan resurslardan buradan yararlanırıq. Vəsaiti əldə edə bilmədiyimiz təqdirdə isə, Gəncədə fəaliyyət göstərən bir sıra kitab evlərinə müraciət edirik”.
Göründüyü kimi, tələbələr üçün universitet kitabxanalarının alternativi də mövcuddur. Bu, şəhər Kitabxanası və kitab evləridir. Həmin məkanlara tələbələrin müraciət edib-etməməsi ilə də maraqlandıq.
Tünzalə Rəhimova- Mərkəzi Kitabxananın bölmə müdiri: “Hər il biz müxtəlif elm sahələrinə aid kitablar alırıq. Oxucular ən çox elm sahələrindən pedaqogika, iqtisadiyyat, Azərbaycan tarixləri kitablarını daha çox götürür. Həm müəllimlər, həm tələbələr tərəfindən. Ümumi fondumuz 47684000-dir. Bundan da 24000-dən çoxu elm sahələri üzrədir. Bizim 1000-dən çox oxucumuz varsa, bunun 805-i tələbədir. Amma yenə də buna baxmayaraq bizim oxucularımız sosial şəbəkə olduğuna görə ötən ilə baxanda azalıb”.
Tələbələrin hansı vasitələrdən istifadə edərək imtahana hazırlaşmalarının önəmi yoxdur. Əsas olan həmin elm haqqında düzgün məlumatları əldə edib, bilet suallarına düzgün cavab verməkdir.
Aişə Rzayeva
- Baxış: 120