• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1498
— 11.01.2024 19:51

Milli Parkda "Açıq qapı" günü

KepezTV Player

Kəpəz dağının ətəyində yerləşən Göygölə Milli Park statusu 2008-ci ildə verilib. İnsanları valeh edən gölün ərazisi də elə həmin vaxtdan genişləndirilərək 12 min 755 ha-a çatdırılıb. Bura gələn istər yerli, istərsə də xarici qonaqlar təbiətin yaratdığı gözəllikdən doymurlar. Hər kəs dağlar qoynunda olan və gözoxşayan mənzərəyə baxmaqdan zövq alır.

Hər fəsildə öz gözəlliyi olan Göygöl Milli Parkının qış fəslində də xüsusi bir gözəlliyi var. Qış fəslində Göygöldə hər tərəf ağ örpəyə bürünüb. Bura gələn turistlər üçün Göygöllə yanaşı, irili-xırdalı 19 göl də var. Gələn turistlər həmin göllərin ətrafına da səyahət edirlər. 

Raul Abbaszadə- turist: “Milli park rəhbərliyi və əməkdaşları bizi yaxşı marşrutla müşayiət elədilər. Göygölün mənsəbinə getdik. İndi isə Göygölün sol sahilindəyik. Qış mövsümündə bura daha möhtəşəmdir. Həmişə yay fəslində gəlmişik. Qış fəslində isə fərqli - gözəl mənzərə ilə qarşılaşdıq”.

Elnarə İsayeva- turist: “Bu gün Qoruqlar və Milli Parklar Günü olduğu üçün biz də tələbələrimizlə Göygöl Milli Parkına ekoturizim marşrutu təşkil etdik. Məqsəd, tələbələrin maariflənməsidir. Təbiətin füsnkar gözəlliyindən zövq aldıq”.

Qoşun Nəsirov- turist: “Həmişə qış aylarında bura gəlirik. Çalışırıq ki, qış aylarında da bura gələk”.

Tünzalə Əliquluyeva- turist: “Gəlmişik ki, Göygöl Milli Parkımızı görək. Gölümüzü, meşəmizi, təbiətimizi görək. Çox gözəl bir yerdir. Yayda sərinliyi ilə, qışda da mənzərəsi ilə çox məşhur bir yerdir. Hamını da burada gözləyirik və çox məşhur bir yerdir”.

Milli parkda 423-dən çox bitki növü var. Bunlar arasında nadir qorunan bitkilər də yer alır. Eləcə də Qırmızı kitaba düşən vəhşi heyvanlara da rast gəlinir. Həftənin bütün günləri bu gözəlliyi görmək istəyənlər Göygölə gələrək, təmiz havasını udub, gəzməli yerlərini görə bilirlər.

Fuad Quluyev- Göygöl Milli Parkının direktoru: “Milli parkların və qoruqların önəmi biomüxtəlifliyin yaşamasında, zəngin olmasında çox böyükdür. Azərbaycanda parkların və qoruqların genişləndirilməsində dövlətimiz çalışdı. Buna da nail olunub. Qoruqların, parkların ərazilərinin genişləndirilməsi gələcəkdə də davam edəcəkdir. Bu, çox böyük tendensiyadır. Biz gələcəkdə də bu təbiətin qorunması üçün çalışacağıq”.

Göygöl Milli Parkına ötən il 200 mindən artıq turist gəlib. Təqvimdə olan bir neçə əlamətdar günlərdə də parkda mütamadi olaraq açıq qapı günləri təşkil edilir.

Elnur Vahidoğlu