• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2093
— 08.01.2024 10:18

Gənc STEAM müəllimi

İnkişafda olduğumuz dövrdə robotların və dronların sayı getdikcə artmaqdadır. Və  daim bu sahədə peşəkar birinə ehtiyac duyuruq. Elə “GƏNCƏM”-də bugün robot texnikaları sahəsində çalışan istedadlı gəncimiz Mətləb bəyi tanıyacağıq.

Mətləb Alıyev- STEAM müəllimi: “2017-ci ildə “Müəllimlərin işə qəbulu”  imtahanı nəticəsində 27 nömrəli məktəbin Təsviri incəsənət müəllimliyinə qəbul olmuşam. 2019-cu ildə isə “Fizika, riyaziyyat və informatika təmayüllü lisey”də müəllim kimi fəaliyyətimi davam etdirmişəm. Müəllimlərarası rəsm müsabiqəsində dəfələrlə 1-ci yerə layiq görülmüşəm. Bundan əlavə şagirdlərim də keçirilən müsabiqələrdə bir çox nailiyyətlər əldə ediblər.

Artıq 2021-ci ildən sonra STEAM dərslərinin tədrisi ilə məşğul olmağa başladım. Və həmin ildə keçirilən “STEAM Azərbaycan” festivalında respublika üzrə 3-cü yerə layiq görüldüm. Bu, mənim üçün motivasiya idi.  Və zaman irəlilədikcə daha çox yarışlarda yer tutduq. Eyni zamanda şagirdlərimizin də uğurlu nailiyyətləri çoxdur. Hətta Amerikanın Dellas şəhərində keçirilən “Robot” olimpiadasında iştirak edib, ölkəmizi təmsil etmişdilər. Düşünürəm ki, bu sahə müasir dövr üçün aparıcı sahələrdən biridir. Elm və texnika sürətlə inkişaf edir və biz də inkişafdan geri qalmamalıyıq”.

İş prinsipi diqqətimi çəkdi və gənc mütəxəssisimiz də mənə insanabənzər robot haqqında məlumat verdi.

Mətləb Alıyev- STEAM müəllimi:  “Deməli, bu, insanabənzər robotdur. Üzərində olan matorlar vasitəsilə müəyyən kodları icra edir. Hal-hazırda da robotumuzun üzərində salamlama kodu var”.

Son olaraq Mətləb bəy gənclərə tövsiyə verməyi də unutmadı.

Mətləb Alıyev- STEAM müəllimi: “Gənclərə tövsiyə edərdim ki, sevdikləri peşənin ardınca getsinlər. Uğur qazanacaqları sahəyə yönəlsinlər. Müəyyən aparıcı sahələrdə tövsiyəm ondan ibarət ola bilər ki, Robot-texnika və İT sahəsi üzrə istiqamətlənsinlər”.

Dronların öyrənilməsi texnikasına artıq 7-ci sinifdən başlanılıb. Bu günün istedadları gələcəyin mütəxəssisidir.

Fidan Qədimova