Əvvəllər bayram yaxınlaşdıqca bazarlarda canlanma müşahidə olunurdu. İndi isə Yeni il bayramına sayılı günlər qalsa da, bazarlarda Yeni il ab-havası müşahidə olunmur. Alıcılar belə deyir və bunu bayramqabağı bahalaşma ilə izah edirlər. Satıcılar da qiymətlərdən razı görünmür.
Əli Hüseynov- alıcı: "Elə mer-meyvədən götürək, bir həftə bundan qabaq 1 manata olan şey, indi 2 manatdır. Orta səviyyədə stol açmaq üçün minimum 300 manat lazımdır".
Hüseyn Əliyev- alıcı: "Yəqin ki, indi xaricdən gəlir alma, meyvələr . Ona görə də üstünə qiymət qoyurlar. 100 manat, 150 manat, bundan artığı israfçılıqdır, süfrə üçün".
Elmar Əliyev- alıcı: "Ətin qiyməti də tamamilə bahadır. Yeni ildən qabaq təbii ki, normal idi. İndi Yeni ilə görə ətin qiymətini tamamilə çox qaldırıblar. Mən belə görürəm ki, Yeni il süfrəsini açmaq üçün 400-500 manat pul lazımdır".
Zülfü Heydərov- alıcı: "Baxır süfrəyə. Süfrə var misal üçün, orta təbəqəni götürsək - 200 manat minimum pul lazımdır ki, stol açasan. Naringi misal üçün 4 manata qalxıb. Amma əvvəllər 2 manata olub".
Elmira Əmirova- alıcı: "Bir az bahaçılıq var. Yəqin ki, bayrama görədir. Meyvələr bir az bahadır. Evə qonaqlar da gəlsə bir az daha bahaçılıq olur. Özümüz üçün ayrı, qonaqlar üçün ayrı olur".
Qəndab Tağıyeva- alıcı: "Meyvələrdə var, hər şeydə var ümumiyyətlə. Meyvələrdə lap çoxdur bahalıq. Yəni biz də baha alırıq. Ümumiyyətlə bahaçılıqdır. İndi bayramqabağı da bir az da bahalanıbdır. Bayram süfrəsini düzəltmək üçün minimum 500 manat pul lazımdır".
Şəlalə Nəbiyeva- alıcı: "Yeni illə bağlı bu körpə heyvanlara görə ət bahadır. 4 nəfərlik ailə üçün süfrəni hazırlamaqdan ötrü 200 manat pul mütləqdir".
Satıcılar da qiymətin yüksək olmasının alış-verişin zəifləməsində böyük payı oluduğunu qəbul edir.
Şakir İsmayılov- satıcı: "Portağalı 1.35-ə mağazalarda verirlər, 1.60-da topdan satışlarda. Alıcı yoxdur. Bazara gələn yoxdur, hamı marketdən alır, evinə gedir, alıcı yoxdur".
Günay Bayramova- satıcı: "Bəli, bahaçılıq var. Qabağkına baxanda xeyli fərq var. Demək olar hər şeydə var fərq. Bayram süfrəsini bəzəmək üçün, stol açmaq üçün ən azı 200 manat lazımdır. O da çox yox, ancaq bir stolu düzəltmək üçün".
Leyla Həsənova- satıcı: "Bahaçılıqdır. İstər Yeni il olsun, ya olmasın. Hər şeyi baha alırıq, baha da sata bilmirik. Zəifdir, yəni bax gör, bazarda bir bayram ab-havası varmı?
Müşahidəmizdən belə nəticəyə gəlmək olur ki, məhsul bolluğu ilə alıcı qüvvəsi tərs mütənasibdir. İqtisadçı Cəfər Cəfərovun sözlərinə görə bazarlarda müşahidə edilən bahalıq süni şəkildə yaradılan qiymət artımıdır.
Cəfər Cəfərov- iqtisadçı: "Dünyada Yeni illə əlaqədar olaraq bütün bazarlarda, istər əmtəə şəkildə olsun, istər qeyri-əmtəə şəklində olsun, bütün bazarlarda qiymətlə bağlı tendensiyalar mövcuddur. Lakin Azərbaycandan fərqli olaraq bütün dünya ölkələrində Yeni illə bağlı müxtəlif endirimlər, müxtəlif gözəştlər olur, xüsusən də bu Yeni ilqabağı gündəlik istifadə olunan əmtəələrdir ki, məsələn qida ola bilər və ya qeyri-qida əmtəələr ola bilər ki, onların qiymətlərində müxtəlif güzəştlər olur. Bunun səbəblərindən biri də yerli istehsalçıların daxili bazarda istehlakçıların istəklərini nəzərə alaraq Yeni ildə yüksək tələbat olan məhsulların qiymətlərini suni şəkildə artırmaları ilə nəticələnir".
Hər bir ailə bayram axşamında yaxşı süfrə açmaq istəyir. Amma bayram ərəfəsində artıq bir adət olaraq qiymətlərin artması bu planları pozur. Belə anlaşılır ki, əhalinin bayramla bağlı olaraq alış-verişinin artması nəticəsində bir sıra işbazlar məhsullarının qiymətlərini süni şəkildə artırırlar. Bazarlardakı vəziyyəti nəzərə aldıqda isə orta qazanclı bir ailənin bayram süfrəsinin hazırlanması təqribən 150-250 manat arasında dəyişir.
- Baxış: 1270