• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2001
— 28.12.2023 10:53

Gənc rəssam

Rəsm dedikdə, ağla gələn ilk şey rənglər olur. Budəfəki istedadımız məhz rənglərlə özünə yeni bir dünya yaradan Tahirə xanımdır. Rəsm çəkmək onun üçün sadəcə rəngləri bir-birinə qatmaq deyil, bir sənət ərsəyə gətirib, bu sənətlə bir mənanı ifadə etməkdir.

Tahirə Kərimova- rəssam: “Mən bu süjeti, güclü qadın obrazından ilhamlanıb çəkmişəm. Bu rəsmdə güclü, zərif, incə bir gül çəkmişəm”.

Beləliklə, rəssamlığın Tahirə xanımın həyatında böyük rolu olduğunu və bu işin onun üçün nə qədər vacib olduğunu anladıq. Kiçik yaşlarından rəsmə marağı olan Tahirə bizimlə çox maraqlı bir nüansı bölüşdü. Baxın görün, o, rəsm çəkməyə necə başlayıb.

Tahirə Kərimova- rəssam: “Biz evdə üç uşağıq. Məndən böyük bir bacım, məndən kiçik bir qardaşım var. Biz rəsm çəkən zaman anam müşahidə edib ki, mənim onlara nisbətən daha yaxşı rəsm qabiliyyətim var. Və 8 yaşımda kursa getmişəm. Və daha sonra bacarığımı belə-belə inkişaf etdirmişəm”.

Özü daha gənc olsa da, gələcək xəyalları böyükdür. Gənc istedadımız  gələcəkdə də bu işlə məşğul olmağı və rəssamlıq sahəsi üzrə inkişaf etməyi planlaşdırır. Həmçinin o, məşğul olduğu işə öz fərqliliyini qatmağı da sevir. Eyni zamanda, sahəsi ilə bağlı fərqli yollar araşdırmaqdan, yenilikləri kəşf etməkdən, hər yeni bir məlumatdan xəbərdar olmaqdan da geri qalmır. Elə peşəsini onun üçün əvəzolunmaz edən də məhz bu detallardır.

Tahirə Kərimova- rəssam: “Mən gələcəkdə də rəssam olmaq istəyirəm. Amma belə sıradan bir rəssam yox, daha fərqli rəsmlər axtarmağa çalışıram. Və daş üzərində, gips üzərində, taxta oyma üzərində araşdırmalar edirəm”.

Sənətkar işinin ecazkar dünyasına qapılan və bu dünyanın işığından yeni rəng ortaya çıxarandır. Həyatı öz əlləri, fikri və firçası ilə gözəlləşdirən Tahirə isə ruhu ilə firçaya toxunmağı bacaran istedadlı gənclərdəndir və bu gəncimiz rəsmlərində əks olunan harmoniya və dərinlik ilə öz sənətinin fərqliliyini bariz şəkildə ortaya qoymağı bacarır.

Fırçaya vuruşu,  rənglərin ahəngi və sonda ortaya çıxan sənət əsəri. Elə Tahirəni bu işə həvəsləndirən həmin kiçik nüanslardır. Rəsm çəkməyə duyduğu sevgi və işindən zövq almasıdır. Təbii ki, nə edirsən et, onu sevərək etməlisən. Etməlisən ki, uğur və inkişaf da səninlə olsun.

Tahirənin isə rəsm sahəsində yolu uzundur və bu peşə ilə bağlı uğurları hələ qabaqdadır. Ona bu uğur yolunda daha böyük nailiyyətlərə imza atmağını arzu edirik.

Bəli, hər maraqlı hekayənin sonu olduğu kimi, süjetimizin də sonuna gəldik. Dərs çıxaracağımız əsas məqam isə o oldu ki, sevdiyimiz işlə məşğul olsaq, daha uğurlu olarıq. Gəlin elə bu dərsi almışkən, mütəxəssislərimizlə, studiyamızda həyatın bu gerçəyini ətraflı müzakirə edək.

Ülvi Cəfərov