• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1637
— 28.12.2023 19:51

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan danışıqları üçüncü tərəfin girovuna çevrilməməlidir

KepezTV Player

"Azərbaycan və Ermənistan danışıqları üçüncü tərəfin girovuna çevrilməməlidir". Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, iki ölkənin xarici işlər nazirləri və nümayəndə heyətləri dövlət sərhədində görüşə bilərlər. Belə bir təkliflə Azərbaycan çıxış edib. 

Ceyhun Bayramov “Azərbaycan-Fransa münasibətlərinin mövcud vəziyyətindən də danışıb. Qeyd edib ki, son 30 ildə münasibətlər ən aşağı səviyyədədir. Bunun səbəbkarının Azərbaycan olmadığını deyən Ceyhun Bayramov ölkəmizin həmişə münasibətlərin qorunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb. Nazir vurğulayıb ki, Fransanın mövqeyi həmişə ermənipərəst olub. O, Azərbaycanın iki diplomatının Fransada arzuolunmaz şəxs elan edilməsinə də münasibət bildirib. 

Ceyhun Bayramov- Xarici işlər naziri: “Qeyd etmək istəyirəm ki, bizim atdığımız addımla Fransanın atdığı addım arasında çox ciddi fərq var. Biz konkret olaraq faktlarla, dəlillərlə danışırıq və biz bunun tam açıq və şəffaf aparılmasını təklif etmişdik. Hansı ki, Fransa bu təklifdən imtina etdi. Və hesab edirik, Fransa tərəfindən heç bir əsası olmayan addım Fransa-Azərbaycan arasında münasibətləri kontekstində növbəti səhv bir addım idi”.

"İranda səfirliyimizin bağlanmasının konkret səbəbi var: bu səfirliyə terror hücumu ilə, insanların həyatına dair təhlükənin olması ilə bağlı idi". Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan səfirliyinin hansı hallarda bərpa olunacağını da açıqlayıb.

Ceyhun Bayramov- Xarici işlər naziri: “Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, bu cinayəti törədən şəxs ən sərt formada cəzalandırılmalı və səfirliyimizin təhlükəsizliyi tam təmin edilməlidir, buna zəmanət verilməlidir. Bizə məhkəmə prosesinin başlaması ilə bağlı tarixlər verilib və təbii ki, bu nəticədən asılı olaraq növbəti qərarları verəcəyik və məsələlər müsbət həllini taparsa, ancaq bundan sonra səfirliyin bərpası mümkün olacaq”.

Delimitasiya komissiyasının iclası zamanı 8 kəndin məsələsinə baxılacağını söyləyən nazir, Ermənistandan alınan sülh paketinə də münasibət bildirib. O qeyd edib ki, 21 noyabrda alınan sülh paketində müsbət istiqamətdə az da olsa irəliləyiş özünü göstərir. Ciddi siyasi iradə olarsa, sülh müqaviləsini qısa müddətdə həll etmək mümkündür.

Vüsalə Cənnətova