• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 21.12.2023 20:03

Qışa necə hazırıq?

KepezTV Player

Bu qış Gəncənin yollarını qardan və buzdan yeni texnikalar  təmizləyəcək. Gəncə Avtomobil Zavodunun istehsalı olan qartəmizləyən maşınlar yığcam və çevikliyi ilə seçilir. Həm yollarda, həm də səkilərdə tətbiqi mümkün olan texnikaların üstün cəhəti, duz-qum qarışığı tökülmədən qarı təmizləməsidir.  

Şahmar Ələkbərov- sürücü: “Bu maşın parkları, piyada səkilərini təmizləmək üçün təzə gətirilibdir. Çox rahat maşındır. İşimizi də rahat apara bilirik”.

Həsən Hacızadə- sürücü: “Qartəmizləyən texnikanın sürücüsüyəm. Şəhərimizə əgər qar yağarsa texnikalarımızın hamısı hazır vəziyyətdədir. Hamısına da vaxtlı-vaxtında baxış keçirilibdir”.

Ramin Həsənov- sürücü: “Mən bu idarədə işləyirəm, qartəmizləyən maşının sürücüsüyəm. Dövlətimiz tərəfindən yeni texnikalar verilibdir. Əgər şəhərimizə qar yağarsa, hazır vəziyyətdədir. Problem yoxdur, texnikalara baxış keçirilibdir, tam hazırdır”.

Gəncədə mövcud kommunal texnikanın qışa hazırlığı yekunlaşıb. Maşınlar və aqreqatlar texniki baxışdan keçirilərək yolların qardan təmizlənməsi üçün hazır vəziyyətə gətirilib. 4 avtoqreyder, 2 avtosüpürgə, 50-yə yaxın özü yüküboşaldan avtomobil və digər texnikalar yollarda hərəkətin təhlükəsizliyi üçün çalışacaq. Eləcə də 50 min kubmetr qum, 20 ton duz, dizel və benzin ehtiyatı yaradılıb. 

Arif Məmmədov- MKTİB-nin Avtopark şöbəsinin mühəndisi: “Qarın və yaxud da buzun istər prospektlərdə, istər küçələrdə, istər məhəllədaxili küçələrdə yaratdığı fəsadların qısa bir müddət ərzində qeyd olunan texnikalar vasitəsilə aradan qaldırılması təmin ediləcəkdir. Texnikalarımız və işçi qüvvələrimizin 24 saat növbəli formada fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Heç bir problem olmayacaqdır”.

Soyuq havalarda şəhər sakinlərinin qaza olan tələbatı da ödəniləcək. Yenilənən qaz xətləri, sızmaların aradan qaldırılması itkiləri də minimallaşdırıb ki, bu da dayanıqlı təchizat üçün əsas yaradıb. 

Eldəniz Vəliyev- “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi: “Boru xətlərində yenilənmə işləri həyata keçirildiyindən artıq tam əminliklə deyə bilərik ki, qaz istehlakı üçün istifadə olunan istismarda olan boru xətlərimiz, avadanlıqlarımız ötən illə müqayisədə daha yaxşı, daha etibarlıdır. Bu baxımdan güman edirəm ki, ötən qış mövsümlərindən fərqli olaraq, bu qış mövsümü daha təhlükəsiz və davamlı qazla təmin olunmaq üçün daha əlverişlidir. “Azəriqaz” İstehsalat Birliyi qışa tam hazırdır”.

Qış mövsümündə daha çox rast gəlinən hallar sırasında keyfiyyətsiz qızdırıcı cihazlardan istifadədir. Fövqəlada Hallar Nazirliyinin əməkdaşları tərəfindən maarifləndirici tədbirlərin həyata keçirilməsi və dəm qazı ilə bağlı tövsiyələri vətəndaşlar tərəfindən mütləq nəzərə alınmalıdır. 

Ehtiram Xəlilov- FHN-in əməkdaşı: “Qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydaları pozulması dəm qazı yaradır. Ölümlə nəticələnə biləcək bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir. Qaz cihazları saz və qaydalara uyğun olmalı, cihaz olan məkanın hündürlüyü 2 m 20 sm-dən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı, tüstübacaları ildə iki dəfə təmizlənməlidir. Dəm qazı iysizdir, hiss edilmir”.

“Azərişıq” əməkdaşları tərəfindən də qış mövsümünə hazırlıq işləri çərçivəsində transformatorlara baxışlar keçirilib, köhnə elektrik xətləri yenilənib, işıq dirəkləri dəyişdirilib. Görülən işlər qışda Gəncə sakinlərinin elektrik enerjisi ilə bağlı çətinliklər yaşamamasına hesablanıb. 

Elnur Vahidoğlu