• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 739
— 21.12.2023 15:51

Prezident Dağdağan kəndində olub

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır. Yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Binalara köçürülmə 2024-cü ilin birinci rübündə başlanılacaq.

Prezident Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə də tanış olub. Şəhərin mərkəzi küçəsinin layihəsi ümumilikdə 10 bina olmaqla dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Tikilməkdə olan binalarda artıq dəmir-beton konstruksiya işləri yekunlaşmaq üzrədir. Həmçinin layihə çərçivəsində Sadıqcanın evinin bərpa işlərinə də başlanılıb. Küçənin yenidən qurulması zamanı Şuşanın tarixi-milli memarlıq üslubunun qorunması xüsusilə diqqət mərkəzində saxlanılır.

Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq Aşağı Gövhər Ağa məscidində aparılır. Tarixi mədəniyyət abidəsi olan məsciddə bərpa işləri Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislərin nəzarəti ilə aparılır. Ötən müddətdə məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilib. Prezident məsciddə aparılan bərpa-təmir işləri ilə tanış olub.

Şuşa rayonunun Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanışlıq zamanı dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib. Hazırda məsciddə, köməkçi binalarda və istinad divarında dəmir-beton və daş hörgü işləri davam edir. Tikinti işlərinin 2024-cü ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev Xocalı rayonunun Dağdağan kəndində olub. Qarabağ dağ silsiləsinin ətəyində yerləşən Dağdağan kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində kənd separatçılardan təmizlənib.

Azad Mustafayev