• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 736
— 20.12.2023 20:08

Prezident və birinci xanım Xocavənd və Xocalı rayonlarına səfər ediblər

KepezTV Player

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblər. Dövlət başçısı və birinci xanım rayonun Qırmızı Bazar qəsəbəsində olublar. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən qəsəbə bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Qırmızı Bazar olduqca əlverişli strateji mövqedə, mühüm yolların kəsişməsində yerləşir. Qəsəbənin ərazisi təbii sərvətlər, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir.

Prezident və birinci xanım Xocavəndin Şıx Dursun kəndində də olublar, “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər. Kənddə 2500 ilə qədər yaşı olduğu təxmin edilən çinar nəinki Azərbaycanın, dünyanın ən yaşlı ağaclarından biri sayılır. Çinarın hündürlüyü 54 metr, gövdəsinin diametri 27 metrdir. Ağacın yaxınlığında Tenqri bulağı yerləşir.

Prezident və birinci xanım Xocalı rayonunda da olublar, qədim Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər. Kənddə bəzi tədqiqatlara görə, eramızın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfalar məskunlaşıb. Şuşakənd ərazisi turizm və kənd təsərrüfatı potensialına malikdir. 

Vüsalə Cənnətova